14:01
714
“Ermənistanın konstitusiya məsələsini müzakirəyə çıxarması təsadüfi addım deyil və bu, gələcəkdə Azərbaycanla böyük sülh sazişinin imzalanması perspektivi ilə əlaqələndirilə bilər”.
Bunu deputat Fazil Mustafa “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan konstitusiyasının müzakirəsi təkcə ölkədaxili siyasi proses kimi qiymətləndirilməməlidir: “Təbii ki, Ermənistan durub konstitusiyanı sadəcə müzakirə etmək üçün gündəmə gətirmir. Bu, gələcəkdə böyük sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü şərtlər fonunda məsələyə baxışdır və eyni zamanda Türkiyəni də maraqlandıran dəyişikliklərdir.Ermənistan konstitusiya layihəsində bu amilləri nəzərə alaraq əsas istiqaməti həmin yöndə müəyyənləşdirməyi düşünə bilər. Çünki bu məsələ həll olunmasa, sülh sazişinin imzalanması da müəyyən mənada sual altında qala bilər. Bu baxımdan konstitusiya dəyişikliyi müzakirə olunursa, deməli, qonşularla münasibətlərdə hüquqi zəmində narazılıq yaradan məsələlərin aradan qaldırılması istiqamətində addım atılması nəzərdə tutulur”.
F.Mustafa əlavə edib ki, hansı konkret dəyişikliklərin ediləcəyi barədə indidən qəti fikir söyləmək doğru olmaz: “Yəqin ki, yaxın günlərdə konstitusiya layihəsi ortaya qoyulanda artıq konkret sənəd üzərindən qiymətləndirmə aparmaq daha düzgün olacaq”.
Günel Elxan