“ABŞ Rusiyanı tamamilə küncə sıxışdırmaq istəmir” Gündəm

“ABŞ Rusiyanı tamamilə küncə sıxışdırmaq istəmir”

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu olub.

Sözügedən görüşlə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, görüşlər keçirilir, amma məsələ budur ki, münaqişənin tərəfləri ABŞ ilə Ukrayna deyil, Ukrayna və Rusiyadır: “Yəni Rusiya Ukraynanın ərazisini işğala məruz qoyub, danışıqlar, əslində, Rusiya ilə Ukrayna arasında aparılmalıdır. Burada da artıq görünür ki, bu danışıqların nəticəsi sıfıra bərabərdir və ən yaxşı halda bu, Ukraynanın ABŞ-dən hansısa bir dəstək almasına kömək ola bilər. Bu, sülh müqaviləsinə nəinki yaxın düşmür, heç onunla bağlı hansısa addımın atıldığını göstərmir. Çünki sülh müqaviləsini imzalayacaq tərəflər Rusiya və Ukrayna olmalıdır. Hələ ki tərəflər danışmırlar, qarşı-qarşıya gəlmirlər, bir-biri ilə hansısa bir münasibətlər sistemini yarada bilməyiblər”.

S.Hümbətov Floridada baş tutan ABŞ-Ukrayna nümayəndə heyətləri arasındakı görüşün hansısa formada sülh sazişinə təsiri olacağını düşünmür: “Bu, müdafiə sahəsində birgə əməkdaşlığa təsir edə bilər, tərəfləri bir-birinə yaxınlaşdıra bilər, amma bu məsələ Rusiya ilə Ukrayna arasında çözülməlidir. Bu da hələ mümkün deyil. Düşünmək olar ki, bu danışıqlardan sonra ABŞ və Rusiya arasında danışıqlar davam etsin. Lakin bu da elə bir təsir göstərməyəcək. Çünki pərdə arxasında gedən oyunlar onu göstərir ki, ABŞ heç də Rusiyanı tamamilə küncə sıxışdırmaq istəmir. Əksinə, müəyyən mənada şərait də yaradır. Elə ABŞ-nin Rusiya neftinə qoyulan sanksiyaları aradan götürmək cəhdləri onu göstərir ki, qarşıdakı dövrdə hətta pərdə arxasından əməkdaşlığın olma ehtimalını daha da gücləndirə bilər”.

Röya İsrafilova