“Danışıqların uğuru praktiki addımlarla ölçülür” Gündəm

“Danışıqların uğuru praktiki addımlarla ölçülür”

“Donald Trampın İranla bağlı “demək olar ki, bütün məsələlərdə razılığa gəlmişik” açıqlaması ilk baxışdan optimist siqnal kimi görünsə də, bu tip bəyanatların diplomatik reallıqda tam nəticəyə çevrilməsi bir sıra mürəkkəb amillərdən asılıdır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.

Politoloq əlavə edib ki, birincisi, İran–ABŞ münasibətləri uzun illərdir qarşılıqlı etimadsızlıq üzərində qurulub: “Nüvə proqramı, regional təsir uğrunda rəqabət və sanksiyalar məsələsi tərəflər arasında əsas ziddiyyət nöqtələri olaraq qalır. Bu səbəbdən “əsas razılaşma nöqtələri”nin əldə olunması hələ yekun sazişin imzalanması demək deyil. İkincisi, danışıqların uğuru yalnız siyasi iradə ilə deyil, həm də praktiki addımlarla ölçülür. Vaşinqtonun sanksiyalarla bağlı mövqeyi və Tehranın nüvə proqramı üzrə konkret öhdəlikləri həlledici faktor olacaq. Əgər tərəflər qarşılıqlı güzəştlərə real şəkildə hazır olsalar, gərginliyin azalması mümkündür”.

E.Telmanoğlunun sözlərinə görə, üçüncüsü, regional və qlobal aktorların rolu da nəzərə alınmalıdır: “Yaxın Şərqdəki digər güclər, eləcə də beynəlxalq təşkilatlar bu prosesə ya dəstək verə, ya da dolayısı ilə təsir göstərə bilər. Bu isə danışıqların nəticəsinə birbaşa təsir edən amillərdəndir. Nəticə etibarilə, aparılan danışıqlar münaqişənin qarşısını almaq üçün real fürsət yaradır, lakin bu, hələ zəmanət deyil. Əgər tərəflər əldə olunan razılaşmaları konkret mexanizmlərlə təmin edə bilməsələr, proses yenidən gərginlik mərhələsinə qayıda bilər. Yəni hazırkı vəziyyət “potensial sülh mərhələsi” kimi qiymətləndirilə bilər, amma yekun nəticə hələ açıq qalır”.

Röya İsrafilova