“Son qərarı Ukrayna özü verməlidir” Gündəm

“Son qərarı Ukrayna özü verməlidir”

“Ukraynada davam edən müharibənin mümkün həlli yolları ilə bağlı müzakirələr davam edir”.

Bu sözləri deputat Azər Badamov “Xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.

O vurğulayıb ki, müharibələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində və diplomatik yollarla həll olunması əsas prinsip kimi qalmalıdır:
“Bununla yanaşı hər bir dövlət öz ərazisində davam edən münaqişənin necə həll olunacağına dair qərarı özü verməlidir.
Biz müharibələrin diplomatik yollarla və ərazi bütövlüyü prinsipi çərçivəsində həllini dəstəkləyirik. Amma istənilən halda, hər bir ölkə öz ərazisində gedən müharibənin necə başa çatdırılacağını daha yaxşı bilir və qəbul etdiyi qərarlar onun daxili işidir. Bu baxımdan həmin qərarlara hörmətlə yanaşmaq lazımdır.
Hazırda Ukraynada müharibənin ərazi güzəştləri hesabına dayandırılması istiqamətində müəyyən səylər müşahidə olunur.Bəzi məlumatlara görə, ABŞ Ukraynanı ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməyə razı salmağa çalışır. Amma son söz yenə də Ukrayna xalqına məxsusdur. Müharibənin necə başa çatdırılacağına dair qərarı məhz Ukrayna özü verməlidir. Mövcud beynəlxalq sistem bu cür proseslərə təsir etmək gücündə deyil. Bu gün beynəlxalq hüququn effektiv işlədiyini demək çətindir. O cümlədən BMT daha çox bəyanatlarla kifayətlənən təsirsiz quruma çevrilib. Beynəlxalq siyasətdə kim güclüdürsə, o haqlıdır yanaşması üstünlük təşkil edir”.

Deputatın fikrincə, bu səbəbdən münaqişələrin həllinə ümumi kontekstdən deyil, konkret ölkənin mövqeyi əsasında yanaşmaq daha məqsədəuyğundur:
“Hazırkı şəraitdə beynəlxalq hüquq mexanizmləri zəif işlədiyi üçün müharibələrin necə həll olunacağı daha çox həmin ölkənin öz qərarından asılıdır. Yəni reallıqda güc faktoru həlledici rol oynayır. Qlobal nizamın dəyişməsi zəruridir.Beynəlxalq hüququn üstün olduğu bir dünya qurulmalıdır. Əks halda mövcud yanaşmalar yeni risklər yaradacaq və bu, qlobal təhlükəsizlik üçün ciddi təhdidlər formalaşdıracaq”.

Günel Elxan