“Aprel döyüşləri milli birliyin təntənəsi idi” Gündəm

“Aprel döyüşləri milli birliyin təntənəsi idi”

“Aprel döyüşləri Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, sonrakı qələbələrin ideoloji və hərbi təməlini formalaşdırdı”.

Bu barədə millət vəkili Fatma Yıldırım “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Millət vəkili Fatma Yıldırım qeyd edib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər Azərbaycan xalqının milli qürurunun, döyüş ruhunun və sarsılmaz iradəsinin bariz nümunəsi kimi tarixə düşüb:

“Bu döyüşlər qısa müddət davam etsə də, əhəmiyyət və nəticələri baxımından son dərəcə böyük idi. Aprel döyüşləri illərlə davam edən işğalla barışmadığımızın, ədalətin bərpası uğrunda mübarizədən geri çəkilməyəcəyimizin açıq mesajı oldu. Məhz bu qələbə sonrakı 44 günlük Vətən müharibəsinin ideoloji və hərbi əsasını formalaşdırdı.Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, dövlətimizin siyasi iradəsini və xalq–ordu–hakimiyyət birliyinin möhkəmliyini bütün dünyaya nümayiş etdirdi. Bu birlik sonrakı böyük zəfərin əsasını təşkil etdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmizin hərbi qüdrəti əhəmiyyətli dərəcədə artırılıb.
Son illərdə ordumuz müasir texnologiyalarla təchiz olunub, peşəkar kadr potensialı gücləndirilib. Aprel döyüşləri bu gücün ilk real təzahürü oldu və göstərdi ki, Azərbaycan Ordusu istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.”

Deputat əlavə edib ki, bu şanlı tarix eyni zamanda 2020-ci ildə qazanılan möhtəşəm Zəfərin xəbərçisi idi:

“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu qısa müddətdə torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu, tariximizdə yeni bir mərhələnin başlanğıcı oldu.”

Sonda Fatma Yıldırım şəhidlərin xatirəsinin daim uca tutulduğunu vurğulayıb:

“Aprel döyüşlərində canından keçən qəhrəmanlarımızın xatirəsi hər zaman bizim üçün müqəddəsdir. Onların fədakarlığı nəticəsində bu gün Azərbaycan bayrağı azad torpaqlarımızda qürurla dalğalanır. Bu döyüşlər bizə bir daha göstərdi ki, güclü dövlət, güclü ordu və milli birlik olan yerdə qələbə qaçılmazdır.”

Günel Elxan