09:23
665
ABŞ prezidenti D.Tramp NATO-nun İranla bağlı mövqeyini sərt tənqid edib və bəyan edib ki, belə yanaşma davam edərsə, müharibədən sonra ABŞ-ın bu təşkilatdan çıxması məsələsini nəzərdən keçirə bilər. Ümumilikdə, Tramp NATO-nu uzun müddətdir tənqid edir və Vaşinqtonun bu qurumda iştirakının məqsədəuyğunluğunu tez-tez sual altına alır. İranla bağlı mümkün münaqişə isə onun bu mövqeyini əsaslandırmaq üçün əlavə arqument kimi mövqeyini gücləndirir.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, ABŞ prezidenti BMT-yə alternativ kimi təsis etdiyi “Sülh şurası” tipli NATO alternativ olan yeni hərbi blok yarada bilər. Digər tərəfdən, Fransa da NATO-nun effektivliyi ilə bağlı zaman-zaman tənqidi mövqe sərgiləyərək Avropa İttifaqı çərçivəsində müstəqil hərbi qüvvənin yaradılmasını təşviq edir:
"ABŞ administrasiyası NATO-dan rəsmi şəkildə çıxmasa belə, paralel olaraq yeni hərbi-siyasi ittifaqlar formalaşdıra bilər. Bundan əlavə, Vaşinqton Avropadakı hərbi mövcudluğunu qismən azaldaraq resurslarını daha çox Çinlə strateji rəqabətə yönəldə bilər.
ABŞ-ın NATO-dan çıxması praktik olaraq çox çətin prosesdir – bunun üçün Konqresin dəstəyi lazımdır. Yəni bu, təkcə prezident qərarı ilə olmur. NATO-ya alternativ “yeni blok” yaratmaq nəzəri cəhətdən mümkündür, amma reallıqda NATO-nun yerini tutmaq çox çətindir, çünki artıq möhkəm institusional və hərbi struktur mövcuddur. ABŞ-ın Avropadan diqqəti Çinə yönəltməsi real və artıq müşahidə olunan tendensiyadır".
Cavid