“44 günlük dərs: güc yox, strategiya qalibdir” Gündəm

“44 günlük dərs: güc yox, strategiya qalibdir”

“İran–ABŞ–İsrail arasında baş verən və planlaşdırıldığından daha uzun – təxminən 40 gün davam edən hərbi qarşıdurma göstərir ki, müasir müharibələr artıq təkcə hərbi güclə deyil, diplomatiya, strateji kommunikasiya və iqtisadi dayanıqlıqla da müəyyən olunur”.

Bu fikirləri politoloq Rəşad Bayramov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, bu proses regional və qlobal geosiyasi müstəvidə mühüm dərslər ortaya qoyur və münaqişələrin nəticəsinin təkcə döyüş meydanında deyil, həm də siyasi və iqtisadi müstəvidə formalaşdığını göstəri:

“44 günlük Vətən müharibəsində əldə edilən qələbə həm hərbi üstünlük, həm də strateji planlaşdırmanın nəticəsi olub.Azərbaycan qısa müddətdə əməliyyatları effektiv şəkildə yekunlaşdırmaqla yanaşı, resursların düzgün idarə olunması və diplomatik balansın qorunması ilə seçilib. Müharibədən sonrakı mərhələdə Azərbaycanın atəşkəs və sülh prosesinə yanaşması regional sabitliyin qorunmasına xidmət edən balanslı strategiyanı nümayiş etdirir. İran–ABŞ–İsrail gərginliyi fonunda yaranan qlobal qeyri-müəyyənlik enerji bazarları, ticarət yolları və investisiya mühitində riskləri artırır. “Belə bir şəraitdə Azərbaycanın sabitlik yönümlü siyasəti və strateji planlama modeli regional aktorlar üçün nümunə kimi çıxış edir.
Müasir münaqişələrdə qələbə anlayışı artıq yalnız hərbi üstünlüklə ölçülmür, davamlı sülh, diplomatik effektivlik və strateji planlama əsas meyarlara çevrilib”.

Günel Elxan