11:57
875
“ABŞ də digər ölkələr kimi NATO-dan çıxa bilər. Əvvəllər də belə hadisələr baş verib. Yəni NATO-dan çıxan, sonra NATO-ya geri qayıdan ölkələr olub. İndi də ABŞ NATO-dan çıxmaq istəyir. Ancaq bunun həm NATO çərçivəsində, həm də ABŞ-nin qanunları çərçivəsində müəyyən prosedurları mövcuddur və əgər ABŞ NATO-dan çıxmaq istəyirsə, həmin prosedurları yerinə yetirməli olacaq”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Politoloq söyləyib ki, eyni zamanda, Amerika qanunlarına görə ABŞ Prezidenti ölkənin təkbaşına NATO-dan çıxması barədə qərar verə bilməz: “Bunun üçün həmin prosedurlar yekunlaşdıqdan sonra ümumi qərar qəbul oluna bilər. Bu da onu göstərir ki, bu proses müəyyən müddət davam edə bilər. Ancaq hələlik Tramp bu məsələni gündəmə gətirərək müzakirə müstəvisinə keçirib. NATO-nun baş katibi Mark Rutte ilə bu məsələ artıq müzakirə olunur. Böyük ehtimalla ABŞ bu niyyətini reallaşdırmaq istəməyəcək”.
E.Xalidbəyli əlavə edib ki, ABŞ yəqin ki, NATO-ya müəyyən qədər təzyiq göstərdikdən sonra bu qurumdan çıxmaq niyyətindən geri çəkiləcək: “Çünki ümumiyyətlə, NATO-nun mövcudluğu ABŞ-nin bu hərbi siyasi alyansın tərkibindəki fəaliyyəti ilə bağlıdır. Əgər ABŞ çıxarsa, o zaman NATO-nun həm beynəlxalq nüfuzu, həm də qlobal məkandakı təsir mexanizmləri ciddi şəkildə zəifləyə bilər. Ona görə də hesab etmək olar ki, bu, yalnız ABŞ-nin Yaxın Şərqdə başlatdığı savaşa dəstək verməyən NATO-ya müəyyən mənada təzyiq xarakterli bir kampaniyasıdır və böyük ehtimalla ABŞ-nin NATO-dan çıxma məsələsi tədricən arxa plana keçiriləcək”.
Röya İsrafilova