16:25
1 036
ABŞ-ın İrana qarşı dəniz blokadası tətbiq etmək təhdidləri fonunda gəmi sahibləri və brokerlər Hörmüz boğazı vasitəsilə yük daşımalarını ləğv edirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə bazar iştirakçılarına istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, atəşkəs əldə olunması ilə yaranan ilkin nikbinlik ABŞ-ın yeni təhdidləri səbəbindən gərginliklə əvəz olunub. Gəmi sahibləri boğazdan keçid qaydalarının necə fəaliyyət göstərəcəyini başa düşmürlər. Həmçinin şirkətlər ehtiyat edirlər ki, indi onlar gəmilərin keçidini təkcə İranla deyil, həm də ABŞ-la razılaşdırmalı olacaqlar.
Bu fonda bir çox şirkət gəmilərin göndərilməsini ləğv edir və ya təxirə salır. Məsələn, yunanıstanlı bir gəmi sahibi Çin və Sinqapura getməli olan dörd gəmisini hələlik Fars körfəzi ölkələrinə göndərməyə risk etmir. Əgər yaxın günlərdə qeyri-müəyyənlik davam edərsə, şirkət gəmiləri geri qaytaracaq. Çinin "China Cosco Shipping" şirkəti də Hörmüz boğazındakı gəmiçiliklə bağlı yeni məlumat gözləyir. Şirkətin beş supertankeri boğazın girişində qalıb.
Britaniyanın "Lloyd's List Intelligence" şirkəti WSJ-yə bildirib ki, əvvəllər Hörmüz boğazına doğru istiqamət alan dəniz gəmilərinin kütləvi şəkildə kurslarını dəyişdiyini müşahidə edir.
Məryəm Quliyeva