22:08
595
“Tramp administrasiyasının son addımları qlobal miqyasda ciddi problemlərin yaranmasına səbəb olub”.
Bunu politoloq Elçin Xalidbəyli “xalqcebhesi.az”-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə genişmiqyaslı hərbi qarşıdurmanın başlanması ABŞ-ın bu prosesin nəticələrini əvvəlcədən tam hesablamadığını göstərir:
“Görünən odur ki, Amerika Birləşmiş Ştatları bu savaşa başlayarkən onun yekun nəticələri barədə aydın strateji təsəvvürə malik olmayıb. Nəticədə hazırda Yaxın Şərqdə savaş bataqlığı yaranıb. Bu qarşıdurmanın əsas nəticələrindən biri qlobal enerji təhlükəsizliyinə ciddi zərbə vurmasıdır.
Savaşdan əvvəl Hörmüz boğazı açıq idi və dünya iqtisadiyyatı üçün ciddi risk yox idi. Lakin ABŞ-ın düşünülməmiş addımları nəticəsində bu strateji marşrutun bağlanması gündəmə gəlib. Üstəlik, Vaşinqtonun İran limanlarını blokadaya almaq cəhdləri vəziyyəti daha da ağırlaşdırır. Bu isə faktiki olaraq ikiqat qapanma deməkdir”.
E.Xalidbəyli vurğulayıb ki, belə bir ssenari dünya bazarlarında enerji resurslarının azalmasına və ciddi iqtisadi sarsıntılara yol aça bilər:
“Enerji axınının məhdudlaşması qlobal iqtisadiyyat üçün sarsıdıcı zərbədir və eyni zamanda hərbi-siyasi gərginliyi daha da dərinləşdirə bilər. Proseslər böyük güclər arasında qarşıdurmanı da gücləndirir.
Bu məsələdə Çinin ciddi maraqları var. Çin İran neftinin əsas idxalçılarından biridir və nə Hörmüz boğazının bağlanmasında, nə də İran limanlarının qapadılmasında maraqlıdır. ABŞ-ın bu addımları Vaşinqton-Pekin münasibətlərində gərginliyi daha da artıracaq”.
Politoloq hesab edir ki, baş verənlər qlobal sabitlik üçün ciddi təhdid yaradır:
“Nəticə etibarilə bu siyasət dünyada sülh və sabitliyə növbəti zərbədir. Bu tendensiya davam edərsə, qlobal qarşıdurma və xaos üçün daha münbit şərait formalaşa bilər”.
Günel Elxan