
“Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Azərbaycan hər il yüksək səviyyədə təmsil olunur. Bu iştirak ölkəmizin həyata keçirdiyi uğurlu və balanslaşdırılmış regional diplomatiyanın beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində aparılan müzakirələr, keçirilən görüşlər və ikitərəfli danışıqlar Azərbaycanın xarici siyasət prioritetlərini və regional təşəbbüslərini təqdim etmək üçün geniş imkanlar yaradır. Tədbir çərçivəsində müasir dövrün ən aktual qlobal çağırışları geniş şəkildə müzakirə olunur. Bu mövzular sırasında enerji təhlükəsizliyi, qlobal təchizat zəncirlərinin dayanıqlılığı, rəqəmsal iqtisadiyyatın inkişafı və yaşıl enerjiyə keçid xüsusi yer tutur. Xüsusilə son illərdə baş verən geosiyasi dəyişikliklər və enerji bazarlarında yaranan qeyri-sabitlik bu məsələlərin əhəmiyyətini daha da artırmışdır. Bu baxımdan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, alternativ enerji mənbələrinin inkişafı və dayanıqlı iqtisadi modellərin formalaşdırılması forumun əsas müzakirə istiqamətlərindəndir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.
Deputat bildirib ki, Azərbaycan bu kontekstdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi çıxış edir: “Xüsusilə ölkəmizin zəngin enerji resursları, inkişaf etmiş infrastruktur imkanları və strateji coğrafi mövqeyi onu etibarlı enerji təchizatçısına çevirir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələri və alternativ enerji marşrutlarının formalaşdırılmasında fəal iştirakı ölkəmizin qlobal enerji xəritəsindəki rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan forum yeni enerji layihələrinin təşviqi, beynəlxalq tərəfdaşlıqların qurulması və xarici investisiyaların cəlbi üçün mühüm platforma rolunu oynayır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və ölkəmizin logistik imkanları artıq dəfələrlə forumun əsas müzakirə mövzularından biri olub. Bu isə Bakının beynəlxalq arenadakı çəkisinin artdığını və ona olan marağın yüksəldiyini göstərir. Xüsusilə ölkə rəhbərliyinin forum çərçivəsində keçirdiyi yüksəksəviyyəli görüşlər və əldə olunan razılaşmalar Azərbaycanın qlobal əməkdaşlıqda fəal iştirakını bir daha nümayiş etdirir”.
Onun bildirdiyinə görə, forum ümumilikdə dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarını, nazirləri, diplomatları, akademik dairələrin nümayəndələrini və biznes liderlərini bir araya gətirərək qlobal problemlərin müzakirəsi və onların həlli yollarının axtarılması üçün unikal platforma yaradır: “Bu cür genişmiqyaslı və çoxtərəfli dialoq mühiti sayəsində forum beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır və qlobal siyasət gündəliyinə real təsir göstərir. Eyni zamanda, Ermənistanla sülh prosesi, regionda sabitliyin təmin olunması və Azərbaycanın artan regional rolu kimi məsələlər də forum çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu baxımdan ADF Azərbaycanın mövqeyini birbaşa və obyektiv şəkildə təqdim etməsi üçün effektiv siyasi platforma kimi çıxış edir. Konkret iqtisadi addımlar sülh sazişinin artıq praktikada reallaşmağa başladığını göstərir. Azərbaycan Ermənistanın kommersiya yükləri üçün tranziti açaraq Qazaxıstan və Rusiyadan yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılmasına imkan yaradıb. Tərəflər, o cümlədən Azərbaycan neft məhsullarının Ermənistana ixracı da daxil olmaqla, ticarətə başlayıblar. Əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan əvvəl mövcud olmuş iqtisadi əlaqələri bərpa etmir. İki ölkə müstəqillik əldə etdikdən sonra heç vaxt birbaşa ikitərəfli ticarət aparmayıb; bu gün baş verən proses isə sıfırdan tamamilə yeni bir iqtisadi münasibətlər sisteminin formalaşdırılmasıdır”.
P.Vəliyeva qeyd edib ki, normallaşma irəliləyişləri təkcə dövlətlərarası diplomatiya ilə məhdudlaşmır: “İki ölkə arasında vətəndaş cəmiyyətinin davamlı görüşləri həyata keçirilir. Bu mübadilə dialoqu təşviq edir və siyasi razılaşmaların cəmiyyət daxilində möhkəmlənməsinə kömək edir. Bu addımlar da regionda normallaşmaya və dayanıqlı sülhə töhfə verir. Zəngəzur dəhlizi regional transformasiyanın strateji elementi olaraq qalır. Bu kontekstdə Türkiyə ilə Ermənistan arasında normallaşma davam edir. Zəngəzur dəhlizi Türkiyənin də yaxından iştirak etdiyi, türk dünyasının birlik vizyonudur. Bütün bu məsələlər Antalya Diplomatik Forumunda Azərbaycan nümayəndə heyətinin istər çıxış və müzakirələrdə, istərsə də, beynəlxalq mediaya açıqlamalarında diqqət mərkəzində olub. Ümumilikdə, bu kimi beynəlxalq siyasi forumlarda Azərbaycanın iştirakı regionda yaranan yeni sülh reallığını dünya ictimaiyyətinə çatdırmaq, regional əlaqələrin inkişafı baxımından olduqca əhəmiyyətlidir”.
Röya İsrafilova