“Yeni soyuq rəqabət..”
19:45
19:32
742
“Estoniya hakimiyyəti artıq regionda gedən prosesləri daha realist qiymətləndirməyə başlayıb və Ukrayna ətrafında formalaşan vəziyyətdən ciddi nəticələr çıxarır”.
Bu fikirləri politoloq Cavanşir Abbaslı “xalqcebhesi.az”-a açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə səsləndirilən bəyanatlarla real vəziyyət arasında fərq aydın şəkildə görünür: “Bir müddət əvvəl Ukrayna tərəfindən Russia-nın NATO üçün ciddi təhdid olduğu ilə bağlı açıqlamalar verilirdi. Lakin bu gün müharibənin gedişi göstərir ki, proseslər fərqli istiqamətdə inkişaf edir və Ukrayna faktiki olaraq meydanda tək qalıb. Hazırda qlobal diqqətin başqa istiqamətlərə yönəlməsi region ölkələrində narahatlıq yaradır. Xüsusilə Yaxın Şərqdə, o cümlədən İran ətrafında baş verən hadisələr fonunda ABŞ və Avropa ölkələrinin diqqəti Ukraynadan yayınıb. Bu isə Estoniya kimi ölkələrə göstərir ki, oxşar situasiyada onlar da tək qala bilərlər”.
C.Abbaslı hesab edir ki, məhz bu səbəbdən Estoniya Rusiya ilə münasibətləri kəskinləşdirməkdən çəkinir: “Moskva hazırda bütün diqqətini Ukrayna istiqamətinə yönəldib və tarixi təcrübə göstərir ki, Rusiya eyni vaxtda bir neçə cəbhədə müharibə aparmır. 2008-ci ildə Gürcüstan, daha sonra 2014 və 2022-ci illərdə Ukrayna istiqamətində baş verənlər bunu təsdiqləyir. Ukrayna müharibəsi başa çatmadan və ya dərhal sonra Rusiyanın başqa ölkəyə hücum ehtimalı yüksək deyil.Adətən belə hallarda müəyyən zaman fasiləsi yaranır və bu da region ölkələri üçün nisbi təhlükəsizlik mühiti formalaşdırır”.
Sonda o əlavə edib ki, Estoniya və Finlandiyanın müdafiə tədbirlərini gücləndirməsi tam normal və məntiqli addımdır: “Hər bir dövlət sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır. Bu, həm hüquqi, həm də strateji baxımdan vacibdir. Çünki sərhədlərin qorunması dövlət müstəqilliyinin əsas şərtlərindən biridir”.
Günel Elxan