“Distant təhsil, təhsil sisteminin situativ dayanıqlılığını nümayiş etdirir” Gündəm

“Distant təhsil, təhsil sisteminin situativ dayanıqlılığını nümayiş etdirir”

“Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi təsadüfi bir seçim deyil. Bu, Azərbaycanın dünya səhnəsindəki artan nüfuzunun bariz təsdiqidir. Bu səviyyəli beynəlxalq tribunaya ev sahibliyi etmək ölkənin qlobal imicini möhkəmləndirir, xarici investorların və tərəfdaşların diqqətini cəlb edir, diplomatik və iqtisadi əməkdaşlıq üçün yeni qapılar açır. Şəhərsalma, dayanıqlı inkişaf və iqlim siyasəti kimi strateji məsələləri müzakirə masasına gətirən bu forum Bakını regional deyil, qlobal bir mərkəz kimi təsdiqləyir. Lakin belə miqyaslı tədbirlərin uğurla təşkili yalnız protokol və loqistika məsələsi deyil, o, cəmiyyətin bütün sahələrində koordinasiyalı və çevik yanaşma tələb edir. Təhsil sistemi də bu koordinasiyanın ayrılmaz hissəsidir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

Deputat bildirib ki, 17-22 may tarixlərində, yəni tədbir müddətində fəaliyyətində qısamüddətli fasilə yaranan təhsil müəssisələri üçün dərslərin onlayn formata keçirilməsi qərarı məhz bu prinsipə əsaslanır: şagird heç bir halda tədris prosesindən geri qalmamalıdır: “Bu keçid mövcud rəqəmsal infrastruktur və toplanmış distant tədris təcrübəsi əsasında həyata keçiriləcək. Pandemiya dövrü və sonrakı illərdə formalaşan bu təcrübə sübut etdi ki, onlayn təhsil düzgün tətbiq olunduqda keyfiyyəti qoruyub saxlaya bilər. Müasir təhsil fəlsəfəsində rəqəmsal alətlər artıq "ehtiyat variant" kimi dəyərləndirilmir. Distant təhsil şagirdlərdə texnoloji savadlılığı və özünütəşkilat bacarıqlarını inkişaf etdirir, təhsil sisteminin situativ dayanıqlılığını nümayiş etdirir, müəllim-şagird əlaqəsini yeni formatda davam etdirərək tədris prosesinin ritmini qoruyur”.

N.Həmzəyev vurğulayıb ki, qəbul edilən tədbirlər situativ və müvəqqəti xarakter daşıyır: “Onlar tədris ilinin ümumi planına, proqramın icrasına və ya qiymətləndirmə sisteminə uzunmüddətli təsir göstərmir. Bu, böhran idarəçiliyi deyil, yetkin bir sistemin öz çevikliyini sərgiləməsidir. Dünyanın aparıcı şəhərlərində — Nyu-Yorkdan Sinqapura qədər böyük beynəlxalq tədbirlər zamanı oxşar adaptiv yanaşmalar tətbiq edilib. Bakının bu sıraya qoşulması təhsil sistemimizin də dünya standartlarına uyğun çevikliyə malik olduğunu göstərir. WUF13 Bakı üçün bir imtahandır və bu imtahanda yalnız şəhərsalma yox, dövlət idarəçiliyinin hər sahəsi, o cümlədən təhsil sistemi öz yetkinliyini ortaya qoyur. Bu yanaşım gələcək üçün dəyərli bir presedent yaradır. Böyük hadisələr sistemi dayandırmır, sistem böyük hadisələrə uyğunlaşır”.

Röya İsrafilova