“İkitərəfli münasibətlərin institusional əsasları kifayət qədər güclüdür” Gündəm

“İkitərəfli münasibətlərin institusional əsasları kifayət qədər güclüdür”

“Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər yüksək səviyyəli siyasi dialoq üzərində qurulub və bu, əməkdaşlığın çoxşaxəli inkişafına ciddi təkan verir. Xüsusilə iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələrin genişlənməsi siyasi münasibətlərin möhkəmliyindən qaynaqlanır. İkitərəfli münasibətlərin institusional əsasları kifayət qədər güclüdür: Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr, hökumətlərarası iqtisadi komissiya və parlamentlərarası dostluq qrupları əməkdaşlığın davamlılığını təmin edir. Parlament diplomatiyasının aktivliyi və 1995-dən fəaliyyət göstərən dostluq qrupları qarşılıqlı siyasi etimadın göstəricisidir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

P.Vəliyeva söyləyib ki, eyni zamanda, tərəflər BMT, ATƏT, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda bir-birini dəstəkləyir ki, bu da münasibətlərin yalnız ikitərəfli deyil, çoxtərəfli müstəvidə də strateji xarakter daşıdığını göstərir: “Prezident İlham Əliyev Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı liderlər mətbuata birgə bəyanat verib. Dövlət başçımız bildirib ki, Volodimir Zelenski ilə görüşlər müntəzəmdir və son 4 ildə 7 dəfə keçirilərək əlaqələri gücləndirib. Bəyanatda Prezident İlham Əliyev Azərbaycanla Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini bütün beynəlxalq platformalarda dəstəklədiyini və dəstəkləyəcəyini bildirib. Ümumilikdə, Azərbaycan–Ukrayna münasibətləri siyasi yaxınlıq, institusional əməkdaşlıq və beynəlxalq dəstək üzərində qurulan, lakin iqtisadi sahədə daha sabit artım potensialı olan strateji tərəfdaşlıq kimi qiymətləndirilə bilər”.

Deputat vurğulayıb ki, iqtisadi göstəricilərə əsasən 2021-ci ildə ticarət dövriyyəsi pik həddə çatsa da, sonrakı illərdə azalma müşahidə olunur: “Bununla belə, tərəflər bugünədək 162 hüquqi sənəd imzalayaraq əməkdaşlıq üçün geniş hüquqi baza yaradıblar. Əməkdaşlıq xüsusilə energetika sahəsində, SOCAR-la əməkdaşlıq, ticarət və hərbi-texniki sahələrdə geniş perspektivlərə malikdir. Tərəflər birgə layihələr və investisiyaların artırılmasını müzakirə ediblər. Ümumilikdə, səfər iki ölkə arasında dinamik inkişaf edən münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir”.

Röya İsrafilova