19:15
637
“Azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı ölkənin ümumi iqtisadi sistemi və sosial rifahına müsbət təsir göstərir”.
Bu sözləri iqtisadçı ekspert Günay Hüseynova “xalqcebhesi.az”-a açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, bu sahənin inkişafı yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azalması baxımından xüsusi əhəmiyyət daşıyır: “Yeni iqtisadi islahatların həyata keçirilməsi, eyni zamanda insan əməyinin bir qədər arxa plana keçərək süni zəka və texnologiyanın ön plana çıxması azad sahibkarlığın inkişafı üçün mühüm amillərdəndir. Elektronlaşma və innovativ inkişaf da bu istiqamətdə ciddi irəliləyişlər yaradıb. Əvvəlki illərdə bu sahənin inkişafına müəyyən əngəllər yaradılır, məqsədli müdaxilələr edilirdi. Hazırda da bəzi maneələr qalsa da, əvvəlki dövrlərlə müqayisədə daha ciddi şəffaflıq təmin olunub”.
Onun fikrincə, ticari tərəfdaşların sayının artması, həmin ölkələrə birbaşa uçuşların genişlənməsi və gömrük qanunvericiliyində aparılan sadələşdirmələr də sahibkarlığın inkişafına mühüm töhfə verir: “Buna baxmayaraq, iqtisadiyyatın görünməyən tərəfi hesab olunan “gizli əl”, monopoliya və azad sahibkarlığa zərbə vuran digər fəsadlar tam aradan qaldırılmayıb. O düşünür ki, zamanla bu problemlər də həllini tapacaq və real rəqabət mühiti daha da güclənəcək”.
Günel Elxan