16:21
609
İranın ABŞ və İsrail ilə münaqişəsi başa çatmayıb, İslam Respublikası bütün istiqamətlərdə müdafiə mövqeyini qorumağa davam edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xatibzadə bəyanat verib.
"Düşünürəm ki, müharibənin bitdiyini demək çətindir. Müharibə bütün cəbhələrdə başa çatmayana qədər sülhə zəmanət verilə bilməz. Buna görə də, hesab edirəm ki, İran öz milli təhlükəsizliyini riskə ata bilməz. İran yüksək hazırlıq vəziyyətində qalmağa və müxtəlif cəbhələrdə müdafiə mövqeyi tutmağa davam edəcək", - deyə diplomat İran XİN-in nəzdindəki analitik mərkəz olan Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) platformasında çıxışı zamanı bildirib. O qeyd edib ki, İslam Respublikasının məqsədi ABŞ-ın "İran daxilində hər hansı hədəfinə çatmasına" imkan vermədən "təcavüzkarı məğlub etməkdir".
Onun sözlərinə görə, hazırda "bu müharibənin dayandırılmasına və onun köklü səbəblərinin aradan qaldırılmasına diqqət yetirmək" lazımdır. "İslamabaddakı danışıqlarda və ondan sonra təklif etdiyimiz kimi, biz bu məsələ ilə məşğul olacağıq", - deyə Səid Xatibzadə fikrini yekunlaşdırıb.
Məryəm Quliyeva