“İrəvan Dialoqu yeni mərhələnin göstəricisidir” Gündəm

“İrəvan Dialoqu yeni mərhələnin göstəricisidir”

İrəvanda keçiriləcək “İrəvan Dialoqu” forumunda Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı regionda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bu sözləri deputat Ceyhun Məmmədov Xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan münasibətlərində yeni bir dövrün şahidi oluruq və Azərbaycan tərəfi bölgədə sülhün təmin olunması üçün ardıcıl addımlar atır:
“Bu gün biz görürük ki, Azərbaycan regionda sabitliyin və sülhün təmin olunması istiqamətində davamlı siyasət yürüdür. Bu baxımdan, Azərbaycan və Türkiyə nümayəndələrinin İrəvanda keçirilən forumda iştirakı olduqca mühüm və əhəmiyyətli hadisədir.Əsas məqsəd iki ölkə arasında münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsidir. Azərbaycan tərəfi daim çalışır ki, Ermənistanla münasibətlər tədricən yaxşılaşsın və əməkdaşlıq mühiti formalaşsın. Bu cür platformalar isə həmin məqsədə çatmaq üçün əlavə imkanlar yaradır”.

Millət vəkili vurğulayıb ki, həm Azərbaycan, həm də Türkiyə nümayəndələrinin tədbirdə iştirakı regional əməkdaşlığa mühüm töhfə verəcək:

“Bu iştirak yalnız siyasi deyil, həm də diplomatik baxımdan önəmlidir və əlaqələrin inkişafına xidmət edir. Bu prosesi müəyyən mənada tarixi nailiyyət kimi də qiymətləndirmək olar. “İrəvan Dialoqu” kimi platformalar regionda etimad mühitinin formalaşmasına təsir göstərir.
Forum çərçivəsində aparılan müzakirələr diplomatik münasibətlərin inkişafına və qarşılıqlı etimadın güclənməsinə şərait yaradır. Bu, gələcəkdə daha konstruktiv əməkdaşlıq üçün zəmin yarada bilər”.

C.Məmmədov əlavə edib ki, tarixən Ermənistan üzərindən Azərbaycana qarşı müxtəlif təzyiq mexanizmlərinin tətbiq olunduğu müşahidə edilsə də, hazırda yeni reallıqlar formalaşır:

“Bu gün isə biz fərqli bir mərhələyə qədəm qoyuruq. Bu mərhələ region üçün xüsusi əhəmiyyət daşıyır və keçirilən bu kimi tədbirlər prosesə müsbət təsir göstərir”. Forumun bu formatda keçirilməsi ümumi sülh gündəliyinə öz töhfəsini verəcək və regionda daha sabit münasibətlər sisteminin formalaşmasına xidmət edəcək”.

Günel Elxan