BMT Baş katibi Hörmüz boğazını blokadadan çıxarmağa çağırıb Gündəm

BMT Baş katibi Hörmüz boğazını blokadadan çıxarmağa çağırıb

Hörmüz boğazının blokadaya alınması enerji daşıyıcılarının və gübrələrin qiymətinin kəskin artmasına səbəb olub, buna görə də boğaz məhdudiyyətsiz şəkildə tamamilə açılmalıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Nayrobidə keçirilən mətbuat konfransında bildirib.

"Biz Hörmüz boğazının blokadası səbəbindən qiymətlərin kəskin artdığını müşahidə edirik və məhz buna görə də onun tam və məhdudiyyətsiz açılmasını mütləq zərurət hesab edirik. Biz hər iki tərəfi bunu etməyə çağırdıq. Bu, enerji daşıyıcıları və gübrə qiymətlərini müharibədən əvvəlki səviyyəyə qaytarmağın yeganə yoludur və Keniya kimi ölkələr üçün bu, həyati əhəmiyyət kəsb edir", — deyə Quterreş qeyd edib.

Baş katibin sözlərinə görə, bir neçə ölkə artıq gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı riski ilə üzləşib. "Hazırda əkin mövsümü yaxınlaşır və gübrə olmadan gələn il ciddi ərzaq təhlükəsizliyi problemi ilə qarşılaşacağımızı təsəvvür etmək olar. Bu, Hörmüz boğazının məhdudiyyətsiz açılmasının bütün beynəlxalq birliyin maraqları baxımından zərurət olduğu məqamdır", — deyə o vurğulayıb.

"Bir neçə ölkə arasındakı münaqişənin dünya iqtisadiyyatına bu dərəcədə sarsıdıcı təsir göstərməsi məntiqsizdir", — deyə Quterreş əlavə edib.

Məryəm Quliyeva