“Bu fəaliyyət Azərbaycanın regional liderliyini daha da möhkəmləndirir” Gündəm

“Bu fəaliyyət Azərbaycanın regional liderliyini daha da möhkəmləndirir”

“Prezident İlham Əliyevin Zəngilan və Cəbrayıl səfərləri Azərbaycanın dövlət quruculuğu səlnaməsində növbəti möhtəşəm mərhələnin təntənəsi kimi qiymətləndirilməlidir. Dövlət başçısının bu ərazilərdə hər bir kəndi, hər bir obyekti şəxsən ziyarət etməsi və bərpa prosesinə birbaşa nəzarəti onun xalq qarşısında verdiyi vədlərə olan yüksək sadiqliyinin və misilsiz liderlik iradəsinin bariz nümunəsidir. Zəngilanın simasında müasir, intellektual və texnoloji cəhətdən qüdrətli Azərbaycanın gələcək modelini görürük. Qısa müddətdə bu torpaqlarda beynəlxalq standartlara cavab verən hava limanlarının, magistral yolların və “ağıllı” yaşayış məskənlərinin yüksəlməsi Prezidentin uzaqgörən siyasəti sayəsində reallaşan iqtisadi möcüzədir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O qeyd edib ki, Cəbrayılın sürətli dirçəlişi və burada həyata keçirilən nəhəng infrastruktur layihələri dövlətimizin milli gücünü və milli qürurunu bütün dünyaya nümayiş etdirir: “Bu səfərlər bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev təkcə torpaqları azad edən Müzəffər Ali Baş Komandan deyil, həm də dağıdılmış yurdları gülüstana çevirən böyük qurucu rəhbərdir. Hər bir yeni açılış keçmiş məcburi köçkünlərin öz doğma evlərinə ən yüksək rifah şəraitində qayıtması üçün atılan tarixi addımdır. Bu fəaliyyət proqramı Azərbaycanın regional liderliyini daha da möhkəmləndirir və ölkəmizin sarsılmaz inkişaf dinamikasını bütün parlaqlığı ilə üzə çıxarır. Bunlar xalqımıza sonsuz inam, dostlarımıza qürur, bədxahlarımıza isə dövlətimizin sarsılmaz gücünü xatırladan bir bəyanatlardır. Bu torpaqlarda həyata keçirilən misilsiz quruculuq işləri dövlət başçısının öz xalqına olan sonsuz sevgisinin və Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmaq hədəfinin real təzahürüdür. Səfər çərçivəsində atılan hər bir imza və açılan hər bir müəssisə parlaq gələcəyimizin, əbədi sülhün və böyük tərəqqinin sarsılmaz təməlidir”.

T.İsmayılovun bildirdiyinə görə, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası adı altında fəaliyyət göstərən strukturların faktiki olaraq kəşfiyyat-müşahidə xarakteri alması, regionda etimad quruculuğuna deyil, gərginliyin artmasına xidmət edir: “Prezident İlham Əliyevin Zəngilan və Cəbrayıl səfərləri zamanı vurğuladığı yeni reallıqlar fonunda kənar güclərin bölgəyə qeyri-şəffaf müdaxilə cəhdləri artıq öz funksionallığını itirib. Aİ dərk etməlidir ki, Azərbaycanın yaratdığı geosiyasi sabitlik şəraitində “binokl diplomatiyası” və casus şəbəkələri vasitəsilə regionda möhkəmlənmək cəhdləri həm sülh prosesinə zərbə vurur, həm də təşkilatın tərəfsiz vasitəçi imicini tamamilə sarsıdır. Odur ki, Brüssel mövcud vəziyyətdən nəticə çıxarmalı, regiondakı destruktiv elementlərini yığışdırmalı və Ermənistanı revanşizmə sövq edən monitorinq oyunlarına son qoymalıdır. Əks halda, bu fəaliyyət bölgədəki yeni güc mərkəzi olan Azərbaycanla münasibətlərdə strateji dalana dirənməyə məhkumdur”.

Röya İsrafilova