19:22
581
“Artıq beşinci ildir ki, Rusiya-Ukrayna müharibəsi davam edir və bu müddətdə hər iki tərəf ağır itkilər verib. Müharibə isə dayanmaq əvəzinə, xüsusilə 9 May paradından sonra daha da şiddətlənib”.
Bunu politoloq Elşad Həsənov xalqcebhesi.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, son günlər Rusiya Ukrayna şəhərlərinə hücumlarını artırıb, Ukrayna isə buna cavab zərbələri endirib:
“Bütün müharibələrin sonu danışıqlar və müqavilələrlə yekunlaşır. Bu qarşıdurmanın da nə vaxtsa siyasi razılaşma ilə bitəcəyi qaçılmazdır. Lakin hazırda tərəflərin mövqeləri üst-üstə düşmür. Rusiya Donbası tam nəzarətə götürmək istəyir, Ukrayna isə buna razılıq vermir”.
Ekspertin sözlərinə görə, müharibənin uzanması Rusiyanın resurslarına da təsirsiz ötüşmür:
“Artıq həm iqtisadi, həm də hərbi baxımdan Rusiyanın imkanlarında zəifləmə müşahidə olunur. İnsan resursları da əvvəlki səviyyədə deyil. Buna baxmayaraq, Kreml müharibəni özünü qalib kimi təqdim edə biləcəyi formada başa çatdırmaq istəyir. Moskva Ukrayna ordusunun Donbasdan çıxmasını tələb edir, amma Kiyev buna razılıq vermir”.
Politoloq qeyd edib ki, Ukrayna Prezidenti Volodymyr Zelenskyy işğal olunmuş ərazilərlə bağlı qərarın referendum yolu ilə həll edilməsinin vacibliyini vurğulayır:
“Putin də geri addım atmır. Bu səbəbdən müharibənin nə qədər davam edəcəyini dəqiq söyləmək çətindir. Hazırkı vəziyyət göstərir ki, yaxın perspektivdə tərəflər arasında ciddi kompromis gözlənilmir və qarşıdurma hələ bir müddət davam edə bilər”.
Günel Elxan