“Ukrayna savaşı gələn ilə keçə bilər” Gündəm

“Ukrayna savaşı gələn ilə keçə bilər”

“Rusiya-Ukrayna müharibəsi artıq uzunmüddətli savaş kimi tarixə düşüb. Bu gün bitsə belə, yenə də illərlə davam edən qarşıdurma kimi xatırlanacaq. Çünki artıq 4 ildən çoxdur davam edən ağır bir müharibədən söhbət gedir”.

Bunu politoloq Cavanşir Abbaslı xalqcebhesi.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, hazırkı mərhələdə müharibənin yaxın aylarda yekunlaşacağı real görünmür:
“Hər iki tərəf beynəlxalq ictimaiyyətə müharibənin davamında maraqlı olmadığını göstərməyə çalışır. Amma proseslər göstərir ki, xüsusilə Rusiya tərəfi hələ də hərbi üstünlük əldə etmək niyyətindədir. Ukrayna isə müəyyən üstünlüklərə baxmayaraq, geri çəkilmək və ərazi güzəştlərinə getmək istəmir”.

Ekspert bildirib ki, müharibənin taleyi böyük dövlətlərin siyasi razılaşmalarından asılı olacaq:
“ABŞ Prezidenti Donald Trumpin Pekinə səfəri, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin Çinlə intensiv təmasları göstərir ki, dünya gücləri arasında ciddi geosiyasi müzakirələr aparılır. Bu görüşlərdə Ukrayna müharibəsinin gələcəyi ilə bağlı məsələlərin də müzakirə olunduğu istisna deyil”.

Politoloq hesab edir ki, Ukrayna və İran ətrafında baş verən hadisələr bir-biri ilə əlaqəlidir:
“İran ətrafında artan gərginlik və Ukrayna cəbhəsindəki savaş paralel proseslərdir. Böyük güclər arasında hər iki istiqamət üzrə ortaq razılaşmalar əldə olunmadan bu müharibələrin bitməsi çətin görünür. Hazırkı vəziyyət onu göstərir ki, həm Ukrayna, həm də Yaxın Şərqdəki gərginlik gələn ilə qədər davam edə bilər”.

Günel Elxan