“Qafqaz regionu iqlim dəyişikliklərinə həssas ərazilərdəndir” Gündəm

“Qafqaz regionu iqlim dəyişikliklərinə həssas ərazilərdəndir”

“Qlobal iqlim dəyişiklikləri nəticəsində atmosferdə temperatur artır və hava daha çox rütubət saxlaya bilir. Bu isə bir çox regionlarda intensiv və qısamüddətli yağıntıların artmasına səbəb olur. Son dövrlərdə Azərbaycanda və Qafqaz regionunda müşahidə olunan güclü yağışlar da bu ümumi tendensiyanın bir hissəsi kimi qiymətləndirilə bilər”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.

R.Abbasov qeyd edib ki, Qafqaz regionu iqlim dəyişikliklərinə həssas ərazilərdən hesab olunur: “Burada həm quraqlıq dövrlərinin uzanması, həm də qısa müddətdə normadan artıq yağıntıların düşməsi daha tez-tez müşahidə edilir. Nəticədə sel, daşqın, torpaq sürüşməsi və şəhərlərdə subasma halları artır. Lakin ayrı-ayrı bir yağış hadisəsini yalnız iqlim dəyişiklikləri ilə əlaqələndirmək düzgün olmaz. Urbanizasiya, yaşıllıq sahələrinin azalması, yararsız drenaj sistemləri və plansız tikinti də bu proseslərin təsirini gücləndirir. Yəni iqlim dəyişiklikləri ekstremal hava hadisələrinin intensivliyini artırır, mövcud infrastruktur problemləri isə nəticələri daha ağır edir”.

Röya İsrafilova