12:45
560
“Milli dövlətçilik maraqlarının və ictimai təhlükəsizliyin qorunması hər bir müstəqil dövlətin mövcudluğunun fundamental əsasını təşkil edir”.
Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov xalqcebhesi.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, müasir dövrdə qanunvericiliyin sərtləşdirilməsi və institusional nəzarət mexanizmlərinin gücləndirilməsi dövlətin milli təhlükəsizliyi və effektiv idarəçiliyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan mürəkkəb geosiyasi şəraitdə və qlobal hibrid təhdidlərin artdığı bir dövrdə yaşayır. Onun sözlərinə görə, dövlət maraqlarına qarşı yönələn hər hansı daxili və xarici riskə qarşı hüquqi mexanizmlər çevik və qətiyyətli şəkildə işləməlidir:
“Qanunvericiliyin balanslı şəkildə sərtləşdirilməsi dövlətin hüquqi immunitetini gücləndirir. Qanunların preventiv funksiyası elə qurulmalıdır ki, dövlətin əleyhinə yönələ biləcək hər hansı destruktiv fəaliyyətin qarşısı ilkin mərhələdə alınsın. Hüququn aliliyi və cəzanın qaçılmazlığı prinsipi dövlətin sarsılmazlığının əsas təminatıdır”.
Millət vəkili vurğulayıb ki, institusional nəzarət mexanizmlərinin gücləndirilməsi dövlət aparatının çevikliyini və effektivliyini artırır, idarəetmədə şəffaflığın təmin olunmasına xidmət edir:
“Güclü nəzarət mexanizmləri dövlət orqanlarının fəaliyyətində intizamı artırır, korrupsiya və xaotik idarəetmənin qarşısını alır. Bu isə xalq-dövlət birliyini daha da möhkəmləndirir və vətəndaşların dövlətə inamını artırır”.
Bəhruz Məhərrəmov qeyd edib ki, ictimai maraqların müdafiəsi vətəndaşların təhlükəsizliyi, rifahı və daxili sabitliyinin qorunması deməkdir. Deputatın sözlərinə görə, azadlıq və demokratiya hüquq çərçivəsində mövcud olmalı, cəmiyyətin ümumi maraqlarına zidd fəaliyyətlərə qarşı qanun çərçivəsində tədbirlər görülməlidir.
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan regionun aparıcı güc mərkəzlərindən birinə çevrilib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. O bildirib ki, əldə olunan tarixi nailiyyətlərin qorunması üçün hüquqi və institusional sistemin daha da gücləndirilməsi vacibdir.
Günel Elxan