18:46
567
“Moskva postsovet məkanında təsir imkanlarını qorumağa və Qərbin regiondakı mövqeyinin güclənməsinin qarşısını almağa çalışır”.
Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov xalqcebhesi.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, Rusiyanın bu siyasəti müxtəlif dövrlərdə Gürcüstan, Ukrayna və Moldova nümunəsində özünü göstərib:
Bu səbəbdən Rusiya postsovet ölkələrinin NATO və Avropa İttifaqı ilə yaxınlaşmasına mane olmaq üçün müxtəlif regionlarda gərginlik ocaqlarının saxlanılmasına üstünlük verir.
Gürcüstanın Qərblə inteqrasiyaya yönələn siyasətindən sonra Abxaziya və Cənubi Osetiya məsələləri daha da kəskinləşdi. Oxşar proses Ukraynada da baş verdi. Ukraynanın Avropa ilə inteqrasiyanı sürətləndirməsi və Qərbyönlü siyasi kurs götürməsi Rusiyanın sərt reaksiyasına səbəb oldu. Nəticədə yaranan geosiyasi qarşıdurma zamanla genişmiqyaslı müharibəyə çevrildi və bu müharibənin nə vaxt başa çatacağı hələ də qeyri-müəyyən olaraq qalır”.
Azər Badamov qeyd edib ki, eyni yanaşma Moldovaya münasibətdə də müşahidə olunur. Onun sözlərinə görə, Rusiya Dnestryanı bölgəsi vasitəsilə Kişinyov üzərində siyasi və təhlükəsizlik təzyiqini qoruyub saxlamağa çalışır:
“Moskva hesab edir ki, Dnestryanı məsələsi onun regiondakı strateji maraqları baxımından mühüm alətdir. Bu səbəbdən də Rusiya bölgədəki hərbi mövcudluğunu saxlamağa çalışır. Son illərdə Moldovanın Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirməsi və Qərblə siyasi-iqtisadi əlaqələri genişləndirməsi Rusiyada ciddi narahatlıq yaradır.Kişinyovun Avropa strukturlarına yaxınlaşması Moskva tərəfindən postsovet məkanında təsir dairəsinin zəifləməsi kimi qiymətləndirilir. Bu baxımdan Dnestryanı məsələsinin yenidən aktuallaşdırılması Moldovaya qarşı siyasi təzyiq vasitəsi hesab oluna bilər”.
Millət vəkili bildirib ki, separatçı problem və bölgədə Rusiya hərbi qüvvələrinin mövcudluğu davam etdiyi müddətdə Moldovanın NATO və Avropa strukturlarına tam inteqrasiyası daha mürəkkəb görünür:
“Bu, Kremlin uzun illərdir tətbiq etdiyi ‘idarə olunan qeyri-sabitlik’ siyasətinin tərkib hissəsidir. Moskva dondurulmuş münaqişələrdən istifadə etməklə həmin ölkələrin tam şəkildə Qərb orbitinə daxil olmasının qarşısını almağa çalışır.
Dnestryanı məsələsinin yenidən gündəmə gətirilməsi Moldovanın Avropaya inteqrasiya prosesinə təsir göstərmək, Kişinyov üzərində təzyiq imkanlarını saxlamaq və regionda Rusiyanın geosiyasi mövcudluğunu nümayiş etdirmək məqsədi daşıyır”.
Günel Elxan