“Yeni dövlət proqramı aqrar inkişafı sürətləndirəcək” Gündəm

“Yeni dövlət proqramı aqrar inkişafı sürətləndirəcək”

“2003-cü ildən etibarən Prezident İlham Əliyevin həyata keçirdiyi regional inkişaf strategiyası Azərbaycanın iqtisadi və sosial həyatında əsaslı dönüş yaradıb”.

Bu fikirləri deputat Naqif Həmzəyev “xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən dövlət proqramları nəticəsində illərlə diqqətdən kənarda qalan infrastruktur yenidən qurulub, kənd və rayonların siması dəyişib, məşğulluq səviyyəsi əhəmiyyətli dərəcədə artıb:

“Prezidentin son müşavirədə vurğuladığı kimi, vaxtilə ölkədə qazlaşdırma aşağı səviyyədə idi, elektrik enerjisi ilə bağlı ciddi problemlər yaşanırdı, yollar və su təchizatı sistemi isə acınacaqlı vəziyyətdə idi.
Bu gün isə tamamilə fərqli mənzərə mövcuddur. Azərbaycanın qazlaşma səviyyəsi 96 faizə çatıb, enerji təhlükəsizliyi təmin olunub, ölkə artıq elektrik enerjisi ixrac edən dövlətlərdən birinə çevrilib. Min kilometrlərlə yeni avtomobil yolları çəkilib, iri su anbarları tikilib və regionların infrastruktur xəritəsi yenilənib”.

Naqif Həmzəyev vurğulayıb ki, kənd təsərrüfatı sahəsində əldə olunan nəticələr də dövlət dəstəyinin real effektini göstərir:
“Xüsusilə pambıqçılıq sahəsində istehsalın dəfələrlə artması, məhsuldarlığın rekord həddə çatması dövlət proqramlarının effektivliyini ortaya qoyur. Baramaçılıq, üzümçülük, fındıqçılıq və sitrusçuluq kimi ənənəvi sahələrin yenidən dirçəldilməsi region iqtisadiyyatına yeni nəfəs verib.
Prezident İlham Əliyev müşavirədə mövcud problemləri də açıq şəkildə diqqətə çatdırıb və xüsusilə buğda istehsalında idxaldan asılılığın yüksək olmasını ərzaq təhlükəsizliyi baxımından strateji məsələ kimi qiymətləndirib.Dövlət başçısı bu sahədə özünütəminetmə səviyyəsinin artırılmasını əsas prioritetlərdən biri kimi müəyyən etdi. Bu, gələcək dövr üçün çox vacib strateji yanaşmadır”.

Naqif Həmzəyev bildirib ki, kəndlərin inkişafı və urbanizasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən siyasət də xüsusi əhəmiyyət daşıyır:
“Məqsəd kəndlə şəhər arasındakı fərqi minimuma endirmək, insanları öz doğma torpaqlarında yaşamağa və işləməyə təşviq etməkdir. Rayonlarda yeni xəstəxanaların, məktəblərin və sosial obyektlərin tikintisi bu siyasətin mühüm tərkib hissəsidir.
2026–2030-cu illəri əhatə edəcək yeni dövlət proqramı kənd təsərrüfatı və aqrar sənayenin inkişafında yeni mərhələnin əsas yol xəritəsi olacaq.Prezident İlham Əliyevin vurğuladığı kimi, proqram çevik, nəticəyönümlü və müasir çağırışlara uyğun hazırlanmalıdır. Subsidiya siyasətinin yenilənməsi, daxili bazarın qorunması və ixrac imkanlarının genişləndirilməsi qarşıdakı illərdə aqrar siyasətin əsas prioritetləri olacaq”.

Günel Elxan