10:43
1 015
“BMT-nin maliyyə çətinlikləri yeni hadisə deyil, lakin son illərdə vəziyyət daha da kəskinləşib. Təşkilatın əsas problemi dünyanın ən böyük donorları olan dövlətlərin, xüsusilə də ABŞ və Çinin ödənişlərində yaranan gecikmələr və siyasi mübahisələrdir. Bunun nəticəsində BMT-nin gündəlik fəaliyyəti, sülhməramlı missiyaları və humanitar proqramları üçün maliyyə təzyiqi artır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
E.Telmanoğlu əlavə edib ki, lakin "BMT-nin iflası" anlayışına ehtiyatla yanaşmaq lazımdır: “BMT kommersiya şirkəti deyil və hüquqi baxımdan adi müəssisələr kimi müflis elan edilmir. Ən pis ssenaridə təşkilat fəaliyyətini məhdudlaşdıra, proqramları ixtisar edə, işçi sayını azalda və bəzi layihələri dondura bilər. Ancaq BMT-nin tam fəaliyyətini dayandırması və ya hüquqi olaraq iflas etməsi real görünmür. Burada əsas məsələ maliyyədən daha çox siyasidir. ABŞ, Çin və digər böyük güclər BMT-ni qlobal legitimlik və diplomatik platforma kimi görürlər. Bu dövlətlərin heç biri təşkilatın tam çöküşündə maraqlı deyil. Əksinə, maliyyə böhranı üzv dövlətlər arasında təsir uğrunda mübarizənin və BMT-də islahatlar tələb edən proseslərin bir hissəsi kimi qiymətləndirilə bilər”.
Politoloqun fikirlərinə görə, Baş katib Antoniu Quterreş tərəfindən səsləndirilən xəbərdarlıqlar da daha çox üzv ölkələri öhdəliklərini yerinə yetirməyə təşviq etmək məqsədi daşıyır: “Əgər borclu ölkələr ödənişləri gecikdirməyə davam etsələr, BMT ciddi likvidlik problemi ilə üzləşə bilər. Lakin bu, təşkilatın yox olması deyil, onun fəaliyyət imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşması deməkdir. Siyasi baxımdan demək olar ki, BMT hazırda ekzistensial deyil, idarəetmə və maliyyələşdirmə böhranı yaşayır. Təşkilatın gələcəyi onun iflas edib-etməməsindən yox, böyük dövlətlərin qlobal idarəetmədə BMT-yə nə qədər ehtiyac duyduqlarından asılı olacaq. Bu ehtiyac hələ də qalır və buna görə də yaxın perspektivdə BMT-nin tam çöküşü ehtimalı çox aşağı qiymətləndirilir”.
Röya İsrafilova