“ABŞ danışıqlara güclü mövqedən getmək istəyir” Gündəm

“ABŞ danışıqlara güclü mövqedən getmək istəyir”

“ABŞ artıq İran cəbhəsində yaranmış nisbi sükunətin ciddi müzakirələrə səbəb olduğunu görür. Çünki Vaşinqton yaxşı anlayır ki, qeyri-müəyyən şəkildə davam edən atəşkəs vəziyyətinin nə vaxtsa bir sonu olmalıdır”.

Bu fikirləri politoloq Cavanşir Abbaslı xalqcebhesi.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, aprelin 8-də əldə olunan və 14 gün nəzərdə tutulan atəşkəsin müddəti aprelin 22-də başa çatsa da, sonrakı mərhələdə onun hansı şərtlərlə və nə qədər uzadıldığı barədə ictimaiyyətə aydın məlumat verilməyib:
“Bu da istər-istəməz müxtəlif suallar yaradır. Hamını maraqlandıran əsas məqam mövcud vəziyyətin nə vaxta qədər davam edəcəyidir. Hesab edirəm ki, ABŞ Prezidenti Donald Tramp da bu sükunətin yaratdığı qeyri-müəyyənliyi dəyişmək üçün İsrail faktorundan istifadə etməyə çalışır. Tarixən ABŞ İsraildən regionda öz maraqlarını reallaşdırmaq üçün mühüm alət kimi yararlanıb.Vaşinqton son illərdə də İranla bağlı siyasətində İsrail kartından istifadə edib.İstər ötən il baş verən 12 günlük qarşıdurma zamanı, istərsə də daha sonra həyata keçirilən hərbi əməliyyatlarda ABŞ və İsrailin koordinasiyalı hərəkət etdiyini gördük. Bu baxımdan son hadisələri də regionda yaranmış nisbi sakitliyi pozmağa yönəlmiş addımlar kimi qiymətləndirmək olar”.

Politoloq hesab edir ki, hazırkı şəraitdə ABŞ-la İran arasında genişmiqyaslı müharibə ehtimalı yüksək deyil:
“Tramp administrasiyası da anlayır ki, hər yeni hərbi eskalasiya ABŞ-ın beynəlxalq nüfuzuna müəyyən zərbə vurur. Dünyada belə bir fikir formalaşır ki, Vaşinqton İran məsələsində istədiyi nəticələri tam əldə edə bilmir. Əlbəttə, mümkün hücumlar İrana müəyyən ziyan vura bilər, lakin bunun uzunmüddətli hərbi kampaniyaya çevriləcəyini düşünmürəm.ABŞ-ın məqsədi hərbi münaqişəni genişləndirməkdən daha çox, danışıqlar masasına daha güclü mövqedən oturmaqdır. Vaşinqton proseslərə təsir imkanlarını artırmaq və danışıqlara daha əlverişli şərtlərlə daxil olmaq üçün təzyiq vasitələrindən istifadə edir. Lakin hesab edirəm ki, bu cür addımların ömrü uzun olmayacaq”.

Cavanşir Abbaslı vurğulayıb ki, yaxın perspektivdə İran, ABŞ və İsrail arasında böyük regional müharibə gözlənilmir:
“Hazırkı mərhələdə genişmiqyaslı savaş ssenarisi real görünmür. Baş verənlər daha çox ABŞ-ın regionda yaranmış sükunəti pozmaq və siyasi-hərbi gündəmi yenidən formalaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər”.

Günel Elxan