“Hərbi güc siyasi nəticə olmadan yetərli deyil” Gündəm

“Hərbi güc siyasi nəticə olmadan yetərli deyil”

“ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamaları ardıcıllıq baxımından ciddi suallar yaradır”.

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova “xalqcebhesi.az”-a açıqlaması zamanı söyləyib.

Politoloqun sözlərinə görə, Tramp tez-tez mövcud vəziyyəti öz siyasi narrativinə uyğun təqdim etməyə çalışır:
“Donald Trampın İran məsələsi ilə bağlı mövqeyində müəyyən qeyri-sabitlik müşahidə olunur. Bir tərəfdən İranın məğlub olduğunu və ABŞ-ın qələbə qazandığını bəyan edir, digər tərəfdən isə Tehranla razılaşmanın əldə olunmamasından narazılığını bildirir. Onun açıqlamalarında tez-tez ziddiyyətli mesajlar yer alır – bir gün diplomatiya və danışıqların vacibliyindən danışır, növbəti gün isə sərt hərbi ritorikaya üstünlük verir.Trampın İranla razılaşmanın yaxın olması ilə bağlı dəfələrlə verdiyi açıqlamalar nəticəsiz qalıb.Tramp dəfələrlə İranla anlaşmanın çox yaxın olduğunu bildirib, lakin real nəticə əldə olunmayıb. Bu məsələ müxtəlif media qurumları tərəfindən də diqqətə alınıb və onun bu tip bəyanatlarının təkrarlanması siyasi ritorika kimi qiymətləndirilib. Nəticə etibarilə, bu cür yanaşma ABŞ administrasiyasının diplomatik etibarlılığı ilə bağlı suallar yaradır”.

Politoloqun fikrincə, Vaşinqton hərbi üstünlüyünü hələlik siyasi nəticəyə çevirməkdə çətinlik çəkir:
“ABŞ-ın hərbi imkanları böyükdür, lakin hərbi gücün mövcudluğu həmişə siyasi məqsədlərin əldə olunması anlamına gəlmir. İran məsələsində də əsas çətinlik hərbi təzyiqin konkret siyasi razılaşmaya çevrilməsidir. Trampın sosial media üzərindən emosional mesajlar verməsi də daha çox daxili və beynəlxalq auditoriyaya təsir göstərmək məqsədi daşıyır”.

Şəbnəm Həsənova bildirib ki, tərəflər Tramp administrasiyasının qeyri-müəyyən mövqeyindən müəyyən mənada istifadə etməyə çalışırlar:
“İsrail və İran rəsmiləri də yaranmış vəziyyətdə öz siyasi məqsədlərinə uyğun addımlar atırlar. Regionda baş verən proseslər göstərir ki, İran hələ də müəyyən hərbi və siyasi imkanlarını qoruyub saxlayır. Tehranın sərt bəyanatları və qarşılıqlı qarşıdurmada nümayiş etdirdiyi mövqe onun təzyiqlər qarşısında geri çəkilmək niyyətində olmadığını göstərir”.

Ekspert hesab edir ki, ABŞ-İran qarşıdurmasının qısa müddətdə tam həll olunacağı ilə bağlı proqnozlar real görünmür:
“Əgər tərəflər arasında etimad mühiti formalaşmasa, qarşılıqlı güzəştlər üçün siyasi zəmin yaranmasa, hərbi gərginliyin davam etməsi ehtimalı qalır. Bu isə Yaxın Şərqdə qeyri-sabitliyi daha da dərinləşdirə bilər. Hazırkı mərhələdə diplomatik kanalların qorunması və praktiki addımların atılması daha vacibdir. Müasir münaqişələrdə əsas məsələ yalnız hərbi üstünlük əldə etmək deyil, həmin üstünlüyü siyasi nəticəyə çevirmək bacarığıdır.ABŞ-İran qarşıdurmasının son mərhələsi bir daha göstərir ki, hərbi güc təkbaşına kifayət etmir. Uzunmüddətli nəticə əldə etmək üçün diplomatik strategiya, qarşılıqlı anlaşma və siyasi həll mexanizmləri də vacibdir”.

Günel Elxan