
“Qlobal tarif müharibələri fonunda Azərbaycanın iqtisadi dayanıqlılığı mühüm üstünlükdür”.
Bu fikirləri millət vəkili Zaur Şükürov “xalqcəbhəsi.az”-a açıqlaması zamanı söyləyib.
Deputat qeyd edib ki, son dövrlərdə ABŞ tərəfindən həyata keçirilən gömrük-tarif siyasəti qlobal ticarət münasibətlərinə ciddi təsir göstərməkdədir: “Xüsusilə ABŞ-Avropa İttifaqı və ABŞ-Çin iqtisadi münasibətlərində müşahidə olunan gərginlik dünya ticarət sistemində yeni çağırışlar yaradıb. Bəzi ölkələr bu proseslərin mənfi təsirlərini azaltmaq üçün xarici ticarət əlaqələrini genişləndirməyə və alternativ bazarlar axtarmağa çalışırlar. Qısa müddətdə bu yanaşma müəyyən iqtisadi üstünlüklər yaratsa da, uzunmüddətli perspektivdə tarif maneələrinin artması həm böyük iqtisadiyyatlara əlavə maliyyə yükü yarada, həm də qlobal iqtisadi dəyişkənliyə daha həssas olan ölkələrin istehsal və ixrac imkanlarına mənfi təsir göstərə bilər”.
Z. Şükürov bildirib ki, ABŞ və Fransa arasında rəqəmsal vergi məsələsi ətrafında yaranmış fikir ayrılığı bunun konkret nümunəsidir: “Fransanın qlobal texnologiya şirkətlərinin gəlirlərinə vergi tətbiq etməsi ABŞ tərəfindən diskriminativ addım kimi qiymətləndirilib və cavab olaraq Fransa məhsullarına yüksək idxal rüsumlarının tətbiqi gündəmə gətirilib. Bu kimi qarşılıqlı addımlar nəticə etibarilə yalnız ayrı-ayrı sektorları deyil, bütövlükdə beynəlxalq ticarət zəncirini təsir altına sala bilər.Xüsusilə qida və kənd təsərrüfatı məhsulları sahəsində tətbiq olunan məhdudiyyətlər istehsalçılar, ixracatçılar və istehlakçılar üçün əlavə risklər yaradır. Tarif siyasətlərinin sərtləşməsi istehsal xərclərinin artmasına, bazarlarda rəqabət imkanlarının dəyişməsinə və iqtisadi qeyri-müəyyənliyin dərinləşməsinə səbəb ola bilər.
Belə bir qlobal şəraitdə ölkələrin iqtisadi dayanıqlılığını təmin edən əsas amillərdən biri daxili istehsal potensialının artırılması, ixrac imkanlarının genişləndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsidir”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən iqtisadi strategiya məhz bu hədəflərə xidmət edir: “Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Bu siyasətin nəticəsidir ki, Azərbaycanın iqtisadi və maliyyə dayanıqlılığı son illərdə daha da güclənib. Xüsusilə aqrar sektorun inkişafı qarşıdakı dövrdə strateji əhəmiyyət daşıyır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, rəqəmsallaşmanın genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə və məhsuldarlığın artırılması ölkəmizin iqtisadi təhlükəsizliyinin mühüm istiqamətlərindəndir. Kənd təsərrüfatı sahəsinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlər aqrar sektorun yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm əhəmiyyət kəsb edir. Torpaqların elektron pasportlaşdırılması, süni intellekt və peyk texnologiyalarından istifadə, müasir suvarma sistemlərinin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına imkan verəcək. Eyni zamanda, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji sənəddir”.
Zaur Şükürov sonda qeyd edib ki, bugünkü dünyada tarif maneələri və iqtisadi rəqabətin artdığı bir şəraitdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni ticarət tərəfdaşlıqlarının qurulması xüsusi əhəmiyyət daşıyır: “Azərbaycanın ABŞ və Çin kimi qlobal iqtisadi güclərlə əlaqələri inkişaf etdirməsi, strateji tərəfdaşlıq istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq iqtisadi mövqelərinin möhkəmləndirilməsinə xidmət edir. Ümumilikdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl iqtisadi və xarici siyasət Azərbaycanın qlobal çağırışlara daha hazırlıqlı olmasını təmin edir. Bu siyasət ölkəmizin iqtisadi gücünün artırılmasına, siyasi-iqtisadi müstəqilliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsinə mühüm töhfə verir”.
Günel Elxan