“Rusiya böyük ölçüdə güc və qüdrətini itirir” Gündəm

“Rusiya böyük ölçüdə güc və qüdrətini itirir”

“Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi xüsusi əməliyyatlar adı altında işğalçılıq siyasəti gözlənilən effekti vermədi. Hətta əksinə Rusiyanın işğalçılıq siyasəti Ukraynanın ciddi dirənişi ilə üz-üzə qaldı və bu gün Ukrayna xüsusi hərbi əməliyyatlar adı altında Rusiyanın Ukraynaya həyata keçirdiyi işğalçılıq siyasətinə daha təsirli cavab verərək Rusiyanın dərinliklərində həm Rusiya iqtisadiyyatının strateji sahələri olan neft-qaz sənayesini məhv edir, həm də hərbi sənaye kompleksini sıradan çıxarmaqla məşğuldur. Ona görə də Rusiya Ukrayna müharibəsində gözlənilmədiyi bir reallıqla üz-üzə qalıb”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

T.Əliyev qeyd edib ki, Rusiyanın bu vəziyyəti öz lehinə dəyişdirə biləcəyi yeganə təsir vasitəsi Rusiyanın nüvə silahına sahib olmasıdır: “Dəfələrlə Ukraynanın Rusiyaya qarşı əks hücumları baş verərkən biz Rusiya tərəfinin taktiki nüvə silahından istifadə edərək Ukraynaya qarşı taktiki müharibədən istifadə etməsi ilə bağlı təhdidlərin şahidi olmuşuq. Bu günə qədər bu, baş verməyib. Baş verməməsinin səbəbi də Rusiyanın nə zaman Ukraynaya qarşı taktiki nüvə təhdidlərini elan etməsi ərəfəsində Avropa ölkələrinin də biz Rusiyaya qarşı eyni adekvat addımlar ata biləcəyi ilə bağlı xəbərdarlıqlarının şahidi olmuşuq”.

Siyasi şərhçinin fikirlərinə görə, bu gün müharibənin hazırkı mərhələsində Rusiya demək olar ki, hər gün Ukraynanın hava hücumu ilə üz-üzədir və bu hava hücumun gerçək və birbaşa hədəfləri Rusiyanın neft-qaz sektoru və müdafiə, hərbi sənaye obyektləridir: “Bu gün Rusiya böyük ölçüdə öz güc və qüdrətini itirir. Amma nüvə dövləti olan və dünyanın ən böyük nüvə arsenalına sahib olan bir ölkənin birdən-birə məğlub olacağını gözləmək sadəlövhlük olardı. Ona görə də Rusiyanın aqressiv, daha radikal hərbi-siyasi elitasının bu müharibənin gedişində Avropaya qarşı nüvə təhdidindən istifadə etmək ehtimalı günü-gündən çoxalır. Belə bir ehtimal gerçəkləşərsə, heç şübhəsiz ki, Rusiyanın ilk növbədə Avropa ölkələrindən hədəf seçəcəyi ölkə Baltikyanı ölkələr, o cümlədən Polşa və Rumıniya ola bilər. Bunun baş verməməsi üçün müharibənin genişlənməsi və dərinləşməsi faktoru ola bilər. Onu da gələcək zaman göstərəcək ki, Rusiya bu proseslərdə nə dərəcədə özünün aqressiv təcavüzünə cavab verə biləcək”.

Röya İsrafilova