“Ebola və hantavirus pandemiya riski yaratmır” Gündəm

“Ebola və hantavirus pandemiya riski yaratmır”

“Bəzi regionlarda Ebola və hantavirus yoluxmalarının artması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nəzarətində saxlanılır”.

Pediatr-infeksionist Əsmər Hüseynova Xalqcəbhəsi.az-a açıqlamasında bildirib ki, bu viruslar yeni deyil və artıq 1970-ci illərdən məlumdur.

Onun sözlərinə görə, Ebola virusu ilə bağlı yüksək yoluxma halları indiyədək əsasən Sudan və Demokratik Konqo Respublikasında qeydə alınıb: “Virusların qlobal pandemiya yaratmaq ehtimalını qiymətləndirmək üçün onların yoluxma yolları və insandan insana keçmə qabiliyyəti əsas amillərdən biridir.
Hantavirusların yalnız müəyyən növləri insandan insana yoluxa bilir. Bu virus əsasən gəmiricilərdən, onların ifrazatları ilə çirklənmiş toz vasitəsilə insanlara keçir”.

Ebola virusunun isə əsasən kontakt yolu ilə yayıldığını deyən infeksionist vurğulayıb ki, xəstə heyvanlarla təmas, ovçuluq və yoluxmuş heyvan ətinin istifadəsi əsas yoluxma mənbələrindəndir”.

Mütəxəssis qeyd edib ki, Ebola virusunun insandan insana ötürülmə səviyyəsi hava-damcı yolu ilə yayılan viruslarla müqayisədə daha aşağıdır:
“COVID-19-un pandemiyaya çevrilməsində əsas səbəblərdən biri virusun hava-damcı yolu ilə sürətli yayılması olub. Ebola və hantaviruslarda isə belə yüksək ötürülmə xüsusiyyəti olmadığı üçün onların qlobal pandemiyaya çevrilmə ehtimalı daha aşağı qiymətləndirilir. Hazırda hər iki virus üçün spesifik müalicə üsulu yoxdur və əsasən dəstəkləyici müalicə tətbiq edilir. Düzgün epidemioloji tədbirlərin təşkili, yoluxma hallarının vaxtında aşkarlanması və nəzarət mexanizmlərinin tətbiqi ilə bu xəstəliklərin yayılmasının qarşısını almaq mümkündür”.

Günel Elxan