25 İyun 10:12
1 057
“Sosial şəbəkələr insanların həyatını paylaşması üçün faydalı platformalar olsa da, son illərdə şəxsi və ailə həyatının bütün detallarının ictimailəşdirilməsi müəyyən sosial və psixoloji problemlərə səbəb olur”.
Bunu psixoloq Nizami Orucov Xalq Cəbhəsi.az-a açıqlamasında bildirib.
O bildirib ki, əsas problemlərdən biri insanların zamanla yaşadıqlarından daha çox, yaşadıqlarını nümayiş etdirməyə fokuslanmasıdır:
“Bəzən ailə daxilində özəl qalmalı olan məqamlar izləyici sayı, bəyənmə və diqqət qazanmaq məqsədilə paylaşılır. Bu isə şəxsi sərhədlərin zəifləməsinə və ailə münasibətlərinin mahiyyətinin dəyişməsinə səbəb ola bilər. Sosial mediada formalaşan “ideal həyat” görüntüləri insanlarda yanlış gözləntilər yarada bilər.
İnsanlar sosial şəbəkələrdə gördükləri qüsursuz ailə münasibətləri və daimi xoşbəxtlik görüntüləri ilə öz həyatlarını müqayisə etməyə başlayırlar. Halbuki sosial mediada çox vaxt həyatın yalnız seçilmiş və nümayiş etdirilmək istənilən tərəfləri görünür. Bu müqayisələr insanlarda narazılıq, özünü yetərsiz hiss etmə və münasibətlərə qarşı həddindən artıq gözləntilər yarada bilər”.
Psixoloq uşaqların sosial şəbəkələrdə paylaşılması məsələsinə də diqqət çəkib.
“Valideynlərin övladlarının həyatını onların razılığı olmadan davamlı şəkildə paylaşması gələcəkdə şəxsi sərhədlər və məxfiliklə bağlı problemlər yarada bilər. İnternetdə illərlə qalan görüntülər uşaqlar böyüdükdən sonra onlar üçün narahatlıq mənbəyinə çevrilə bilər”, – N.Orucov bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdən asılılıqda əsas problem platformaların özü deyil, insanın öz dəyərini yalnız virtual reaksiyalarla ölçməyə başlamasıdır:
“Bəyənmə, izlənmə və təsdiq ehtiyacı insanın əsas motivasiyasına çevrildikdə, real həyatla virtual həyat arasındakı balans pozula bilər. Buna görə rəqəmsal savadlılığın artırılması və sağlam istifadə vərdişlərinin formalaşdırılması vacibdir”.
.Orucov çıxış yolunun ailə daxilində real ünsiyyətin gücləndirilməsi, telefonsuz vaxtların təşviq edilməsi və uşaqlara erkən yaşlardan rəqəmsal mədəniyyətin aşılanmasından keçdiyini bildirib:
“İnsan paylaşım etməzdən əvvəl özündən soruşmalıdır: bunu həqiqətən paylaşmaq istəyirəm, yoxsa sadəcə diqqət və təsdiq almağa çalışıram? Sosial şəbəkələr həyatın bir hissəsi ola bilər, amma həyatın özünü əvəz etməməlidir”.
Günel Elxan
09:00
2 317
08:01
1 001
25 İyun 16:27
1 953