10:30
917
“Son illərdə insanların şəxsi və ailə həyatının detallarını sosial şəbəkələrdə geniş şəkildə paylaşması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur”.
Bunu sosioloq Üzeyir Şəfiyev Xalq Cəbhəsi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu cür davranışların əsas səbəblərindən biri insanların ünsiyyət ehtiyacı və özünü təsdiq etmək istəyidir:
“Bəzən insanlar sosial şəbəkələr vasitəsilə öz həyatlarını nümayiş etdirməklə özlərini aktuallaşdırmağa çalışırlar. Bu, məşhur psixoloq Abraham Maslounun ehtiyaclar piramidasında qeyd etdiyi özünü aktuallaşdırma tələbatı ilə də əlaqələndirilə bilər. İnsanlar müxtəlif yollarla özlərini təsdiq etməyə çalışırlar”.
Ü.Şəfiyev bildirib ki, şəxsi və ailə həyatının həddindən artıq nümayiş etdirilməsi bəzi hallarda natamamlıq hissindən qaynaqlana bilər:
“İnsan öz varlığını təsdiq etmək, diqqət qazanmaq və gündəm yaratmaq üçün bu cür addımlar ata bilər. Lakin ailə münasibətləri və şəxsi həyat hər kəsə açıq nümayiş etdiriləcək sahə deyil. Ailə bir qala kimidir və onun müəyyən sərhədləri qorunmalıdır. Şəxsi sirlərin və ailə daxilində yaşanan məqamların ictimailəşdirilməsi hər zaman müsbət qarşılanmır. İnsanlar düşünməməlidirlər ki, paylaşdıqları hər detal hamı tərəfindən maraqla qarşılanır. Əksinə, bu cür paylaşımlar bəzən izləyicilərdə narahatlıq yarada bilər”.
O qeyd edib ki, problemin əsasını sosial şəbəkələrin özü deyil, insanların virtual məkanda özünü təsdiq etmək cəhdləri təşkil edir.”:
“Özünü təsdiq etmək və aktuallaşdırmaq üçün daha rasional, yaradıcı və faydalı yollar seçmək mümkündür. Şəxsi həyatın nümayişi isə bu ehtiyacı ödəməyin ən doğru yolu deyil”.
Günel Elxan