11:17
567
“ABŞ ilə İran arasındakı hərbi gərginliyin yaxın perspektivdə daha da artacağını hesab etmirəm. Daha çox danışıqlar masasında sərt bəyanatların və qarşılıqlı təzyiqlərin şahidi olacağıq. ABŞ tərəfindən İran ərazisinə genişmiqyaslı yeni hücumların baş verəcəyini real saymıram”.
Bunu xalqcebhesi.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
O bildirib ki, ən yaxşı halda müəyyən simvolik və ya məhdud xarakterli addımlar atıla bilər ki, bunlar da daha çox siyasi mesaj verməyə hesablanacaq: “Vaşinqton əvvəlki hərbi əməliyyatlarda qarşıya qoyduğu bütün məqsədlərə tam nail ola bilmədiyini anlayır. Bu səbəbdən də danışıqlar prosesində üstün mövqe qazanmağa çalışır. Digər tərəfdən, indiyədək aparılan danışıqların da ciddi nəticə vermədiyi ABŞ rəhbərliyinə məlumdur. Xüsusilə İran nümayəndə heyətinin Pakistan platformasında keçirilən danışıqları yarımçıq tərk etməsi beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Bu da tərəflər arasında etimadın zəif olduğunu göstərən məqamlardan biridir”.
C.Abbaslının sözlərinə görə, bütün bunlara baxmayaraq proses hərbi qarşıdurma mərhələsinə keçməyəcək: “Hazırkı siyasi şəraitdə Tramp administrasiyası üçün yeni müharibəyə başlamaq məqsədəuyğun görünmür. Çünki qarşıdakı seçkilər fonunda İran istiqamətində mümkün uğursuzluq onun siyasi mövqeyinə ciddi zərbə vura və rəqiblərinin, xüsusilə demokratların əlini gücləndirə bilər. Məhz buna görə də danışıqlar prosesinin bir müddət də davam edəcəyini düşünürəm. Paralel olaraq siyasi təzyiqlər və sərt ritorika da qalacaq”.
Siyasi şərhçi əlavə edib ki, Dünya Çempionatı zamanı İran millisinin ABŞ-də keçirdiyi oyunlarla bağlı tətbiq olunan sərt məhdudiyyətlər də iki ölkə arasında siyasi gərginliyin idman müstəvisinə qədər sirayət etdiyini göstərdi: “Rəsmi Tehran bu məsələyə kəskin reaksiya verməsə də, hadisə İran ictimaiyyətində və siyasi dairələrdə ABŞ-yə münasibətin daha da sərtləşməsinə təsir göstərdi. Ümumilikdə isə hesab edirəm ki, qarşıdakı aylarda danışıqlar davam edəcək və sonda tərəflər müəyyən kompromisə gələcəklər. Qənaətimə görə, əldə olunmuş əvvəlki razılaşmalar danışıqların əsas bazasını təşkil edəcək və yekun nəticə də məhz həmin çərçivədə formalaşacaq”.
Röya İsrafilova