“Aİ Türkiyənin strateji rolunu daha çox qəbul edir” Gündəm

“Aİ Türkiyənin strateji rolunu daha çox qəbul edir”

“Türkiyə bu gün dünyada gedən geosiyasi proseslərə təsir imkanlarına malik əsas regional və qlobal aktorlardan biridir”.

Bu barədə Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərin baş verdiyi, yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə dövlətlər də öz xarici siyasət prioritetlərini dəyişən reallıqlara uyğunlaşdırırlar: Avropa İttifaqı da hazırda enerji təhlükəsizliyi, miqrasiya, regional münaqişələr və müdafiə məsələləri ilə bağlı ciddi çağırışlarla üz-üzədir. Belə bir şəraitdə Aİ üçün Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Baxmayaraq ki, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlük prosesi uzun illər müxtəlif siyasi maneələrlə üzləşib, mövcud geosiyasi reallıqlar Ankara ilə əməkdaşlığın yeni formatlarda davam etdirilməsini zəruri edir”.

Azər Badamov bildirib ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, genişlənmə məsələləri üzrə komissarı Marta Kosun və daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunnerin Türkiyəyə səfəri məhz bu baxımdan mühüm hadisədir:
“Bu səfər Türkiyənin beynəlxalq təhlükəsizlik sistemində artan rolunun göstəricisidir. Xüsusilə NATO çərçivəsində Ankaranın oynadığı mühüm rol, hərbi-siyasi imkanları və Avropanın təhlükəsizlik arxitekturasındakı yeri Aİ tərəfindən daha aydın şəkildə dərk olunur”

Deputatın sözlərinə görə, görüşlər zamanı təhlükəsizlik, miqrasiya, enerji, müdafiə sənayesi və iqtisadi əməkdaşlıq kimi istiqamətlər əsas müzakirə mövzuları olacaq:

“Ukraynada davam edən müharibə, Yaxın Şərqdəki gərginlik və Qara dəniz hövzəsində artan təhlükəsizlik riskləri Türkiyə ilə Avropa İttifaqı arasında əməkdaşlığın vacibliyini daha da artırır. Türkiyə həm coğrafi mövqeyi, həm də regional təsir imkanları baxımından Avropanın mühüm tərəfdaşlarından biridir.
Aİ nümayəndələrinin Türkiyəyə səfəri tərəflərin mövcud çağırışlar fonunda dialoqu dərinləşdirmək və ortaq maraqlar üzrə əməkdaşlığı genişləndirmək niyyətini nümayiş etdirir. Bu proses Türkiyənin gələcək qlobal geosiyasi düzəndə və Avropanın təhlükəsizlik sistemində strateji rolunun daha çox qəbul edildiyini göstərir”.

Günel Elxan