"Görüşlər ciddi siyasi razılıqla bitməyəcək" Gündəm

"Görüşlər ciddi siyasi razılıqla bitməyəcək"

Qətərdə ABŞ–İran danışıqları baş tutsa belə, yekun razılaşma ehtimalı zəifdir. Tərəflər yalnız texniki səviyyədə müəyyən mövzuları müzakirə edə bilər, lakin birbaşa siyasi irəliləyiş gözlənilmir.

Bunu xalqcebhesi.az-a politoloq Aydın Tağıyev deyib.

"İran rəsmiləri ABŞ-la görüşü açıq şəkildə inkar edir, Vaşinqton isə diplomatik kanalları açıq saxlamağa çalışır.

Bəli, Prezident Donald Tramp Qətərdə görüşün baş tutacağını elan edib, ABŞ nümayəndə heyətinə xüsusi elçi Uitkof və Kuşner rəhbərlik edəcək. Məqsəd – Hörmüz boğazı və nüvə proqramı ilə bağlı memorandumun icrasını müzakirə etmək. Fikrimcə, bu görşlər ciddi siyasi razılıqla bitməyəcək - politoloq deyib.

O, hesab edir ki, ABŞ–İran danışıqları daha çox “mövqelərin yoxlanılması” xarakteri daşıyır. İranın açıq şəkildə ABŞ-la görüşü inkar etməsi göstərir ki, Tehran diplomatik manevr edir və danışıqları yalnız vasitəçilər üzərindən aparmaq niyyətindədir. ABŞ isə bu platformanı “təzyiqi yumşaltmaq və diplomatik kanalı açıq saxlamaq” üçün istifadə edir:

"Yekun razılaşma gözlənilməsə də, texniki səviyyədə müəyyən qərarlar – məsələn, gəmilərin hərəkətinə qismən icazə və maliyyə aktivlərinin açılması – tərəflərin maraqlarına uyğun ola bilər. Bu isə gərginliyin tam aradan qalxmasına yox, yalnız müvəqqəti sabitliyə xidmət edə bilər".

Cavid