“Vaşinqton bölgədə gərginliyin daha da artmasını istəmir” Gündəm

“Vaşinqton bölgədə gərginliyin daha da artmasını istəmir”

“Son dövrlərdə ABŞ və İsrail arasında bəzi məsələlərdə fikir ayrılıqlarının yarandığı açıq şəkildə müşahidə olunur. Xüsusilə, ABŞ-nin İrana qarşı həyata keçirdiyi son əməliyyatlarda İsrailin əvvəlkilərdə olduğu kimi ön planda görünməməsi bu ehtimalları daha da gücləndirir. Bu baxımdan İsrailin işğal etdiyi bəzi Livan ərazilərini Beyrutun nəzarətinə qaytarmağa hazırlaşması ilə bağlı yayılan məlumatların reallığı əks etdirməsi mümkündür. Hesab edirəm ki, bu məsələdə ABŞ-nin, xüsusilə də diplomatik kanallar vasitəsilə İsrailə müəyyən təzyiq göstərməsi istisna deyil. Vaşinqton bölgədə gərginliyin daha da artmasını istəmir və Livan istiqamətində vəziyyətin qismən sabitləşdirilməsində maraqlıdır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı söyləyib.

C.Abbaslı qeyd edib ki, Donald Tramp administrasiyası bu addımı İranla aparılması gözlənilən növbəti danışıqlar raundunda mühüm diplomatik arqument kimi istifadə etməyə çalışacaq: “Məlumdur ki, İran Livan məsələsinə son dərəcə həssas yanaşır və Hizbullah vasitəsilə bu ölkədə ciddi təsir imkanlarına malikdir. Son müharibədən sonra İran rəsmilərinin açıqlamalarında da əsas vurğulardan biri İsrailin Livana qarşı hərbi əməliyyatları dayandırmalı olduğu və əvvəlki razılaşmalara əməl etmədiyi barədə idi. Məhz buna görə də İsrailin müəyyən əraziləri geri qaytarması Tehranın diqqət yetirdiyi əsas məsələlərdən biridir. ABŞ isə bunu İran qarşısında diplomatik üstünlük kimi təqdim etməyə çalışacaq. Yəni Vaşinqton "İsraili geri addım atmağa razı saldıq, indi növbə İrandadır" mesajını verməklə Tehrandan nüvə proqramı, regional təhlükəsizlik və ya digər məsələlərdə müəyyən güzəştlər əldə etməyə cəhd edəcək”.

Analitik bu baxımdan hesab edir ki, burada əsas məsələ məhz geosiyasi bazarlıqdır: “Donald Trampın siyasət üslubuna nəzər salsaq, onun beynəlxalq münasibətlərdə qarşılıqlı güzəştlər və sövdələşmələr üzərində siyasət qurmağa üstünlük verdiyini görərik. Livan məsələsi də ABŞ-İran danışıqlarında belə bir bazarlığın mühüm elementlərindən birinə çevriləcək. Ona görə də İsrailin Livanda atacağı mümkün addımları təkcə ikitərəfli münasibətlər kontekstində deyil, ABŞ-İran danışıqlarının və Yaxın Şərqdə formalaşan yeni siyasi balansın tərkib hissəsi kimi dəyərləndirmək ən doğrusu olardı”.

Röya İsrafilova