11:01
1 239
“Şuşada keçirilən qlobal media forumları artıq ənənə halını alıb və bu il IV beynəlxalq qlobal media forumu keçirilir. Şübhəsiz ki, bu gün Azərbaycan regional kontekstdə təşəbbüskar ölkədir və regionun gələcəyinin təyin edilməsində çox mühüm rol oynayır. Ona görə də bu, həm də qlobal media mənsublarının diqqətini çəkir və belə forumlarda Azərbaycan Prezidentinin həm regionda, həm də dünyada baş verən hadisələrlə əlaqədar verilən suallara cavabları regional siyasətin proqnozlaşdırılması və öyrənilməsi üçün böyük maraq kəsb edir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat söyləyib ki, forumda moderatorun qısa təqdimatından sonra Azərbaycan Prezidenti sualları cavablandırıb: “Azərbaycan Prezidenti bu gün daha çox sülh mesajları verir, son 6 ildə sülhlə bağlı Azərbaycanın hansı addımları atdığına, həmçinin kommunikasiyaların yaradılmasına, regionun tranzit coğrafiyaya çevrilməsi ilə bağlı həyata keçirdiyi fəaliyyətə diqqət çəkir. Azərbaycan Prezidenti maraqlı bir ifadə işlətdi ki, biz həm də tranzit ölkəyə çevirilirik, amma hər hansı bir ölkə tranzit ölkəyə öz-özünə çevrilmir. Bunun üçün ilk növbədə qonşularla münasibət yaranmalıdır ki, sizdən keçən xəttlər, kommunikasiyalar, strateji layihələr qonşu ölkələrdən də keçərək başqa bir ölkəyə çatsın. Mənə elə gəlir ki, bu məsələ təkcə dünənin məsələsi deyil, bu günün, həm də gələcəyin məsələsidir. Çünki Azərbaycan uzun illərdir belə layihələr üzərində işləyir. Regional inteqrasiya üçün bu gün tamamilə fərqli tarixi mərhələdəyik”.
H.Babaoğlu Azərbaycan Prezidentinin forumda Avropa Şurası ilə bağlı məsələlərə toxunduğunu vurğulayıb: “Prezident yenə Avropanın selektiv siyasətindən danışdı. Eyni zamanda, 907-ci düzəlişin ləğv olunması ilə bağlı fikirlər səsləndirdi. Bütövlükdə, IV Şuşa Qlobal Media Forumu davam edir. Düşünürəm ki, Azərbaycan Prezidentinin burada səsləndirdiyi fikirlər uzun müddət regional və qlobal medianın diqqət mərkəzində olacaq”.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilib. İki gün davam edəcək forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Eləcə də forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunur, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılıb.
Röya İsrafilova