15:25
385
“Kiberdələduzluq hallarının qarşısının alınması sahəsində hələ də ciddi çatışmazlıqlar mövcuddur”.
Bunu Xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.
Ekspert bildirib ki, bu sahədə kifayət qədər əksikliklər var və maraqlı məqam ondan ibarətdir ki, kibertəhlükəsizliklə bağlı problemlər və dələduzluq halları baş verdikdə əksər hallarda məsuliyyət vətəndaşın üzərinə qoyulur:
“Vətəndaş bilərəkdən və ya bilməyərəkdən şəxsi məlumatlarını üçüncü tərəfə ötürürsə, məsuliyyət onun üzərindədir. Lakin fərqində olmadan edilən səhvlərə də biganə yanaşmaq olmaz. Banklar tərəfindən bu istiqamətdə maarifləndirmə işləri kifayət qədər aparılmır. Məsələn, hansı bank məktəblərdə və ya iş yerlərində kibertəhlükəsizliklə bağlı maarifləndirmə tədbirləri keçirib? Və ya bununla bağlı reklam çarxları hazırlayıb? Nağdsız ödənişlərə keçid, likvidlik və digər məsələlərlə bağlı dövlət siyasətinə uyğun olaraq hər zaman təbliğat kampaniyaları aparılıb. Əgər təhlükəsizlik tədbirləri yetərli deyilsə, vətəndaşdan nağdsız ödəniş vasitələrinə keçidi tələb etmək düzgün deyil”.
İqtisadçı əlavə edib ki, bir sıra xarici ölkələrdə təhlükə yarandıqda kartlar avtomatik bloklanır və ya istifadəçiyə xəbərdarlıq bildirişi göndərilir:
“Bizdə isə belə sistem mövcud deyil.
Əgər dələduzluq hadisəsi istifadəçinin öz məlumatlarını paylaşması nəticəsində baş veribsə və hesabındakı vəsait silinibsə, bank buna görə məsuliyyət daşımır.
Əgər məlumatları ötürmədiyiniz və ya üçüncü şəxslərlə paylaşmadığınız halda dələduzluğun qurbanı olmusunuzsa, məhkəmə qaydasında pozulmuş hüquqlarınızı bərpa edə və dəymiş zərərin kompensasiya olunmasına nail ola bilərsiniz”.
Günel Elxan