17:50
1 323
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) çərçivəsində Türkiyəyə dialoq tərəfdaşı statusu verilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Hakan Fidan məlumat verib.
"Təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin Manilada qəbul etdiyi qərarla Türkiyə ASEAN-ın dialoq tərəfdaşı kimi tanınıb", — deyə nazir "X" sosial şəbəkəsində yazıb.
Fidan Türkiyənin bu status üçün müraciəti 2024-cü ildə etdiyini xatırladıb. "Bu hadisə qlobal diplomatiyamızın şərq oxu olan Asiya-Sakit okean regionunda təsirimizin gücləndirilməsi, ASEAN regionuna dair uzunmüddətli strategiyamızın irəlilədilməsi və mövcud layihələrimizin tamamlanması baxımından son dərəcə vacibdir", — deyə Türkiyə XİN rəhbəri qeyd edib.
"2010-cu ildə ASEAN ilə institusional münasibətlərimizin təməli qoyulandan bəri təşkilat ölkələri ilə bütün sahələrdə əməkdaşlığımızı genişləndirmiş və ticarət dövriyyəmizi 6,5 milyard dollardan 16 milyard dollara çatdırmışıq. Ümid edirik ki, dialoq tərəfdaşı statusumuz sayəsində əhalisi təxminən 700 milyon nəfər, iqtisadiyyatının həcmi isə 4 trilyon dollardan çox olan ASEAN regionu ilə siyasi və iqtisadi əməkdaşlığımız daha da dərinləşəcək", — deyə Fidan vurğulayıb.
Məryəm Quliyeva