13:47
455
“Bu günə qədər İsrailin müxtəlif rəsmi şəxsləri, nazirləri Türkiyə ilə bağlı aqressiv, bir çox hallarda da təhdidkar və təxribatçı açıqlamalarla çıxış edirbər. İsrail hesab edir ki, Türkiyənin Suriyada mövqelərini möhkəmləndirməsi onun maraqlarına cavab vermir və elə bunun üzərindən də o, bölgədə özünün işğalçı siyasətini davam etdirir. Həm Livan ərazisində, həm Qəzzada, eyni zamanda, Suriya ərazisində biz bunun şahidi oluruq”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O əlavə edib ki, Suriyada Əsəd rejimi devriləndən sonra İsrail də bundan narahat olub: “İsrail İranla düşmən mövqedə olsa da, amma Əsəd rejiminə münasibətdə eyni mövqedədirlər. Onlar bugünkü Əş-Şara hakimiyyətinə müxalifdirlər və burada da İsraillə İranın mövqeləri üst-üstə düşür. Şübhəsiz ki, Suriya məsələsində İsrail Türkiyənin atdığı addımlara qarşı qoya bilmir və bu, onu bir az da aqressivləşdirir. Xüsusilə də ABŞ Prezidentinin Türkiyə ilə münasibətləri normallaşma və inkişaf etdirmək ilə bağlı mövqeyi İsrail tərəfindən birmənalı qarşılanmır. İsrailin işğalçılıq siyasəti Yaxın Şərqdə gərginliyi artıran əsas amildir desək yanılmarıq. Bu cür ritorika, siyasət Yaxın Şərqdə sabitləşməyə əngəldir və gərginliyi artıran əsas faktorlardan biridir”.
Röya İsrafilova