
Rusiya Prezidenti V. Putinin Azərbaycan Prezidentinə telefon zəngi göstərir ki, Moskva Azərbaycanla siyasi, iqtisadi, təhlükəsizlik və regional əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır. Bu, son dövrdə münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması və yeni mərhələnin başlanması istiqamətində Rusiyanın niyyətini nümayiş etdirir.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
"Lakin eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi fikirlər müəyyən suallar doğurur. Bir tərəfdən Kreml Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyini bəyan edir, digər tərəfdən isə Xarici İşlər Nazirliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü baxımından Qarabağ mövzusunu yenidən gündəmə gətirir. Bu isə ziddiyyətli yanaşma təsiri bağışlayır və təbii olaraq Azərbaycanın etirazına səbəb olur" - o, qeyd edib.
Onun sözlərinə görə, bu gün Azərbaycan Cənubi Qafqazda artan siyasi nüfuzu ilə yeni regional reallıqlar formalaşdırır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində regionda sülh gündəliyi irəli sürülür, Ermənistanla etimad quruculuğu istiqamətində müəyyən addımlar atılır, siyasi və iqtisadi əməkdaşlıq imkanları genişlənir. Lakin görünür ki, bu proseslər Moskvada müəyyən narahatlıq yaradır.
Əgər Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlsəydi, Ermənistan–Azərbaycan sülh prosesini pozmağa və Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışacaqdılar. Hazırda isə Qarabağ münaqişəsi faktiki olaraq həll olunub və Ermənistan da bu məsələdən geri çəkildiyini nümayiş etdirir. Belə bir şəraitdə Rusiya Xarici İşlər Nazirliyinin Qarabağ mövzusunu yenidən qabartması Cənubi Qafqaz siyasətinin tərkib hissəsidir. Rusiya artıq bu təsirdən imtina etməlidir:
"Bununla belə, Rusiyanın region siyasəti Cənubi Qafqaz dövlətlərinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi üzərində qurmalıdır. Azərbaycan bu gün regionda yeni geosiyasi nizamın formalaşmasında mühüm rol oynayır, Türkiyə ilə strateji koordinasiyanı davam etdirir və Şərq-Qərb nəqliyyat dəhlizinin əsas qovşaqlarından birinə çevrilib. Eyni zamanda Azərbaycan Rusiyanın da maraq göstərdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında fəal iştirak edir.
Rusiya Cənubi Qafqazda Azərbaycanla hesablaşır və münasibətləri qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdirməlidir. Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət etmir. Bu səbəbdən Rusiya rəsmiləri və digər siyasi dairələr bu mövzuda məsuliyyətli mövqe nümayiş etdirməlidirlər.
Azərbaycan isə öz suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini bundan sonra da qətiyyətlə müdafiə edəcək. Əgər Rusiya Azərbaycanla münasibətləri həqiqətən strateji səviyyədə inkişaf etdirmək niyyətindədirsə, bu münasibətlər qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və Azərbaycanın milli maraqlarına hörmət prinsipinə əsaslanmalıdır".
Cavid