“Aksiyalara səbəb süni qiymət artımıdır” İqtisadiyyat

“Aksiyalara səbəb süni qiymət artımıdır”

"İqtidar-müxalifət dialoqu bu il də davam etdiriləcək".
Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisinin deputatı Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov neftin qiymətinin düşməsi, manatın məzənnəsinin dəyişməsinə münasibət bildirərək deyib ki, hazırda Azərbaycanda iqtisadi böhran yoxdur: "Azərbaycanda iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı var. Cənab prezident bir neçə gün bundan qabaq geniş müşavirə keçirdi, 2015-ci ilin yekunlarına qiymət verdi, Azərbaycanın iqtisadi artımı, qeyri-neft sektoru inkişafı ilə bağlı fikirlərini bildirdi. Həmçinin, beynəlxalq siyasət, neftin qiymətinin geosiyasi amillərlə aşağı salınması və digər məsələlərə qiymət verdi. Eləcə də, 2016-cı illə bağlı tapşırıq və tövsiyələrini verdi. Həm kənd təsərrüfatının, həm sənayenin inkişafı, həm yerli icra hakimiyyətləri tərəfindən emal müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı, vergi sistemində islahatlarla bağlı da öz fikrini açıqladı. Təbii ki, neftin qiymətinin aşağı düşməsi, valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar müəyyən kreditlərin qaytarılması, əmək haqları, pensiyalardır ki, bununla bağlı da cənab prezident göstərişlərini verdi. Əmək haqları və pensiyaların artırılmasının, sosial müavinətlərin artırılmaıs ilə bağlı təklif verilməsini də hökumətə tapşırdı".
Siyavuş Novruzov bəzi bölgələrdə baş verən aksiyaları süni qiymət artımı ilə əlaqələndirib: "Valyutadəyişmə məntəqələrində dolların qiyməti göstərilsə də, satılmır. Əvəzinə pulları "qara bazar"a buraxır, orada artıqlaması ilə dəyişir, vətəndaşların ziyanına iş aparır və cibinə girirlər. Halbuki, Mərkəzi Bank 100 milyon dollar dövriyyəyə buraxıb və hər bir valyutadəyişmə məntəqəsinə də vəsait ayırıb".
Onun sözlərinə görə, ölkənin bəzi bölgələrində olan aksiyalara da süni qiymət artımı və dollar ajiotajı səbəb olur: "Məhsulların qiymətini süni şəkildə artıranlara qarşı mübarizə aparılması üçün cənab prezident müşavirədə bir daha göstəriş verdi. Bunun qarşısı alınmalıdır, hüquq-mühafizə orqanları və İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün ciddi nəzarət həyata keçirməlidir. Azərbaycanda istehsal olunan məhsulların qiyməti qalxa bilməz. Xaricdən gətirilən malların qiymətində müəyyən fərqlər olacaq, amma daxili bazarda qiymətə ciddi nəzarət olunmalıdır. Süni qiymət artımı, süni dollar ajiotajı yaratmaq etiraza səbəb olur. Buna görə də bu istiqamətdə ciddi şəkildə nəzarət olunmalıdır və olacaq".