“SOCAR Türkiyəyə investisiyaları davam etdirəcək“ İqtisadiyyat

“SOCAR Türkiyəyə investisiyaları davam etdirəcək“

Türkiyədə səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev həmin ölkənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşüb.
SOCAR-dan verilən məlumata görə, görüşdə SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr - TANAP, STAR neft emalı zavodu və Petkimlə bağlı məsələlər müzakirə olunub.
2008-ci ildə Petkimin alınmasından sonra həyata keçirilməyə başlayan bu layihələrin sürətlə davam etdiyini qeyd edən Rövnəq Abdullayev STAR layihəsi üzrə tikinti işlərinin 73 faizinin yerinə yetirildiyini bildirib. O, zavodun qrafikə uyğun tikilərək istismara təhvil verilməsi üçün görülən tədbirlərdən danışıb, eləcə də Azərbaycan təbii qazını Avropaya nəql edəcək TANAP boru kəmərinin tikintisi üzrə işlərin tam sürətlə, davamlı şəkildə irəlilədiyini söyləyib.
SOCAR prezidenti Türkiyədəki iqtisadi proseslərin Azərbaycanda yaxından izləndiyini vurğulayıb, bu ölkəyə yatırılmış sərmayələrin Azərbaycanın Türkiyə iqtisadiyyatına etimadının bir sübutu olduğunu bildirib. Rövnəq Abdullayev SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaların uzunmüddətli layihələr olaraq qətiyyətli bir şəkildə davam etdiyini, bütün layihələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçiriləcəyini söyləyib.
Görüşdə iştirak edən "SOCAR Türkiyə" və Petkim İdarə Heyətinin sədri, SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev üçüncü rübdə əldə olunan nailiyyətlərin dördüncü rübdə də davam edəcəyinə əmin olduğunu bildirib.