Hesablama Palatasının rəyi İqtisadiyyat

Hesablama Palatasının rəyi

Hesablama Palatasının Kollegiya iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi geniş müzakirə edilib.
5 bölmədən ibarət olan rəyin tərtibinin hüquqi əsasları, məlumat bazası, dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait, həmçinin gəlir və xərclərin təhlilinin nəticələri barədə məlumat verilib.
Rəydə büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumların Palataya təqdim etdiyi hesabatlara istinad olunduğu, eyni zamanda strukturunun və tərtibinin əvvəlki illərdə təqdim olunan Rəydən fərqli cəhətləri diqqətə çatdırılıb. Rəydə dövlət büdcəsi gəlirlərinin mənbələri, dövlət borcunun mövcud durumu, büdcə kəsiri və maliyyələşdirilmə mənbələri bağlı təhlilə geniş yer verildiyi, dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının bölmələri, köməkçi bölmələri və paraqrafları səviyyəsində ətraflı araşdırıldığı, Hesablama Palatasının apardığı nəzarət tədbirlərinin nəticələri əsasında tövsiyə və təkliflərin əks olunduğu bildirilib. İclas iştirakçıları Rəy barədə fikir və təkliflərini bildirib, qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı Kollegiya qərarı qəbul olunub.