

“Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarında ötən aylarda həyata keçirilən uğurlu tədbirlər nəticəsində hazırda gündəlik neft hasilatı 3300 tona qədər çatdırılıb.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxışı zamanı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov deyib.
"Bu da son 34 ildə qazanılan ən yüksək göstəricidir. 2025-ci ilin də elə bu tepmlə-rekord nəticələrlə (1,2 milyon tondan çox neft) tamamlanması qarşıda duran əsas hədəflərdən biridir", - Əli Qurbanov qeyd edib.
Onun sözlərinə görə, dünyada sənaye üsulu ilə ilk neftin çıxarıldığı, 180 ilə yaxın yaşı olan “Bibiheybət” yatağında bu gün böyük dinamika müşahidə edilir. Bu ilin aprel ayında 503 işlək quyu ilə gündəlik neft hasilatı 400 tona çatdırılıb. Bu rəqəmlər NQÇİ-nin yaxın 30 illik fəaliyyəti ərzində ən yüksək hasilat göstəriciləridir.
Əli Qurbanov qeyd edib ki, Ə.C.Əmirov adına NQÇİ-də də əldə olunan nəticələr peşəkar komanda işinin uğurları sırasındadır. Hazırda NQÇİ-nin gündəlik neft hasilatı 270 tondur, bu rəqəmin ilin sonuna qədər 310 tona kimi artırılması (35 faiz) hədəflənib. Qeyd edilən bu rəqəm NQÇİ-nin yaxın 30 illik fəaliyyəti ərzində ən yüksək hasilatdır.