

“Bu il də ötən ilki kimi mövsüm meyvələrinin baha olması hava şəraiti ilə bağlıdır. Erkən yazdan başlayaraq Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin keçməsi, intensiv yağışların yağması, havanın temperaturunun aşağı düşməsi, güclü küləklərin əsməsi – bütün bunlar bağların məhsuldarlığına mənfi təsir göstərib”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
A.Nəsirli vurğulayıb ki, bu təsirlər məhsuldarlığı kifayət qədər aşağı salıb: “Bu il gilas, albalı və digər mövsüm meyvə bağlarında məhsuldarlıq çox aşağıdır. Bəlkə də bağların tam gücünün 30-40 faizi həcmində məhsuldarlıq var. Ona görə də bazara təklif olunan məhsul azdır. Tələb çoxdur, təklif azdır. Bunun üçün də məhsul bahalaşır”.
Ekspert əlavə edib ki, indi də hava şəraiti tam normal səviyyəyə düşmür ki, meyvələr kütləvi şəkildə yetişsin: “Diqqət edirsinizsə, bazara çıxan meyvələrin çoxu kaldır. Bu da onunla bağlıdır ki, temperatur aşağıdır. Temperaturun aşağı olması isə meyvənin yetişməsini ləngidir. Bizim istidən nə qədər xoşumuz gəlməsə də, meyvələrin yetişməsi üçün isti ən vacib amillərdən biridir, o da hələki yoxdur”.
Röya İsrafilova