Bakıda Xəzər və Mərkəzi Asiyada təmiz enerjinin gələcəyi müzakirə olunacaq İqtisadiyyat

Bakıda Xəzər və Mərkəzi Asiyada təmiz enerjinin gələcəyi müzakirə olunacaq

Dekabrın 3-4-də Bakıda ilk dəfə "Go Net Zero Energy - Xəzər və Mərkəzi Asiya" sammiti keçiriləcək.

"Report" "Globuc" şirkətinə istinadən xəbər verir ki, tədbirin mövzusu "Regionun təmiz enerji inkişafı potensialının açılması" olacaq. Sammit dayanıqlı energetika və enerji keçidi sahəsində aparıcı oyunçular üçün dialoq platforması rolunu oynayacaq.

Sammitin əsas mövzuları təmiz enerji sahəsində tənzimləmə və infrastrukturun inkişafı, investisiyaların cəlb edilməsi, bərpa olunan enerji mənbələrinin (BOEM) enerji sistemlərinə inteqrasiyası, enerji keçidi üçün innovativ texnologiyaların tətbiqi, "yaşıl hidrogen" istehsalının perspektivləridir.

Azərbaycan 2027-ci ilə qədər enerji sektorunu üçdə bir "yaşıl" etmək hədəfi qoyub. Özbəkistan və Qazaxıstan da bu sahədə qanunvericilik təşəbbüslərini irəli sürür və elektrik şəbəkələrini modernləşdirirlər. Bu baxımdan, sammitdə xüsusilə tənzimləyici islahatlara, vergi stimullarına və sərhədlərarası infrastrukturun inkişafına diqqət yetiriləcək.

Praktiki nümunələr sırasında Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi, Xəzərdə dəniz külək parklarının qurulması layihələri yer alır. BOEM-lərin enerji sistemlərinə sürətlə inteqrasiyası fonunda enerji saxlama texnologiyaları, rəqəmsal həllər və hibrid modellər enerji balansının qorunmasında əsas müzakirə mövzularından olacaq.

Sammitdə xüsusi diqqət "yaşıl hidrogen"ə yönələcək. Bu sahə region üçün strateji əhəmiyyət daşısa da, eyni zamanda çətinliklərlə üzləşir - su ehtiyatlarının məhdudluğu, duzsuzlaşdırma texnologiyalarına ehtiyac, yüksək istehsal xərcləri və iri infrastruktur tələb olunur. Forumda bu istiqamətin ixrac potensialı və Avropa İttifaqının marağı ayrıca müzakirə ediləcək.

Qeyd edək ki, Sumqayıtda "yaşıl hidrogen" istehsalının başlanması planlaşdırılır. Milli planlara əsasən, 2027-ci ilə qədər Azərbaycanda ümumi gücü 2 QVt olan səkkiz sənaye günəş və külək elektrik stansiyası inşa ediləcək. Layihələrin maliyyələşdirilməsi üçün 2,7 milyard ABŞ dolları həcmində yerli və xarici investisiya cəlb olunacaq.

Bu stansiyalar hər il 5,3 milyard kVt/saat "yaşıl enerji" istehsal etməyə imkan verəcək, bərpa olunan enerji mənbələrinin payı enerji sistemində 32,6 %-ə çatacaq, 1,2 milyard kubmetr qaz qənaət olunacaq və istixana qazı emissiyaları 2,5 milyon ton azaldılacaq. Azərbaycanın 2030-cu ilə qədər məqsədi isə BOEM üzrə quraşdırılmış gücü 6 QVt-a çatdırmaqdır. Bunun 4 QVt-ının ixracı planlaşdırılır.