

Azərbaycan yaxın illərdə nəqliyyat sahəsini müasir texnologiyalar əsasında daha təmiz, ağıllı və dayanıqlı bir sistemə çevirmək niyyətindədir.
Bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, Paris Sazişi çərçivəsində 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmaq kimi çox iddialı hədəfləri olan bir ölkə üçün hökumətin, xüsusilə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında ciddi çağırışlar dayanır:
"Bu, həm milli, həm də beynəlxalq səviyyədə müxtəlif maraqlı tərəflərin ehtiyac və gözləntilərini qarşılamağı tələb edən çoxölçülü bir sektordur. Dayanıqlı nəqliyyata keçid milli səylərin, çoxsaylı maraqlı tərəflərin tərəfdaşlığı və beynəlxalq əməkdaşlığın artırılması ilə sürətləndirilməlidir".
F.Əliyev əlavə edib ki, Azərbaycanda dayanıqlılıq konsepsiyası nəqliyyat strategiyasının əsas sütunlarından biridir:
"Biz nəqliyyat sahəsinin karbon emissiyalarına səbəb olan əsas sektorlardan biri olduğunu qəbul edərək, bu problemlərin həlli üçün həm qlobal, həm də yerli səviyyədə ciddi tədbirlər görürük. İqtisadiyyatını və infrastrukturunu sürətlə modernləşdirən Azərbaycan üçün hədəfimiz aydındır: nəqliyyat sektorunu səmərəliliyi, inklüzivliyi və dayanıqlılığı təmin edərkən daha təmiz, ağıllı və dayanıqlı bir sistemə çevirmək".