

“Azərbaycan, Rusiya və İran nümayəndə heyətlərinin birgə görüşündə ən vacib müzakirə mövzusu Şimal–Cənub nəqliyyat dəhlizidir. Bu layihə hər üç ölkə üçün həyati əhəmiyyət daşıyır və regionun tranzit xəritəsində yeni mərhələnin əsasını qoya bilər”.
Bunu İqtisadçı ekspert Xalid Kərimli xalqcebhesi.az-a açıqlamasında söyləyib.
Onun fikrincə, Qərbin narahatlığına baxmayaraq, bu məsələ Azərbaycanın dövlət maraqları ilə tam uzlaşır: “Şimal–Cənub dəhlizinin aktivləşdirilməsi Azərbaycanın Şərq–Qərb nəqliyyat xəttində tranzit rolunu daha da artıracaq. Bu həm yeni iş yerlərinin açılması, həm də idxal-ixrac əməliyyatlarının maya dəyərinin azalması baxımından ciddi üstünlüklər yaradır.
Müzakirənin əsas hədəfi dəhlizin effektiv tranzit koridoru kimi tam fəaliyyətə başlamasıdır.Hazırda ən mühüm problem Rəşt–Astara dəmiryolu xəttinin İran ərazisində tamamlanmamasıdır. Rusiya bu layihə üçün kredit də ayırıb, amma tikinti yekunlaşmayıb. Bəndər-Abbasdan Rusiyaya gedən yüklərin hərəkətində çatışmayan yeganə halqa məhz həmin dəmir yolu xəttidir.”
Politoloq qeyd edib ki, İranın Hind okeanındakı ən böyük limanı olan Bəndər-Abbas marşrutu Çindən, Hindistandan, Pakistandan gələn yüklər üçün ən qısa və effektiv yoldur: “Buradan Azərbaycan üzərindən Rusiya və digər ölkələrə yükdaşımalar həm vaxt, həm də məsrəf baxımından daha sərfəlidir. Bu marşrut həm Hind okeanı bazarlarını, həm Avrasiya məkanını birləşdirir".
X.Kərimli bildirib ki, dəhlizin tam gücü ilə işləməsi üçün iki əsas məsələ həllini tapmalıdır: İnfrastrukturun yekunlaşdırılması – xüsusilə Rəşt–Astara xəttinin tikintisi və tranzit darboğazlarının aradan qaldırılması;
Gömrük prosedurlarının sadələşdirilməsi – yüklərin sərhədlərdə vaxt itirmədən ötürülməsi üçün mexanizmlərin uyğunlaşdırılması.
“Bu istiqamətdə hökumətlərarası komissiya operativ işləməlidir. Yüklərin Rusiya–İran və İran–Rusiya istiqamətində, eləcə də Azərbaycanın iştirakı ilə ötürülməsi regional iqtisadi koordinasiyanı gücləndirəcək. Xüsusilə Hindistandan gələn yüklərin sürətlə daşınması bölgəyə əlavə gəlirlər qazandıracaq,” – deyə Kərimli vurğulayıb.
Günel Elxan